Milli Şuranın mitinqi niyə ləngiyir? - Açıqlama

11 Sentyabr 2013 10:40 (UTC+04:00)



Milli Şuranın növbəti mitinqi gələn həftə baş tuta bilər. Bu barədə AzNews.az-a Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənlinin Seçki Qərargahının həmsədri Arif Hacılı məlumat verib. Onun sözlərinə görə, MŞ-in mitinqinin vaxtının müəyyənləşdirilməsi üçün qurumun sessiyasını çağırmağa ehtiyac yoxdur, çünki Seçki Qərargahı çərçivəsində mitinq vaxtının müəyyənləşdirilməsi ilə bağlı qərar qəbul edilə bilər.

A.Hacılı deyib ki, daha öncə MŞ-in sentyabr ayının 15-də mitinq keçirəcəyi bildirilsə də, bu barədə qurum da daxilində heç vaxt müzakirə aparılmayıb: "Biz həmin tarixdə yeni dərs ilinin başlanmasını və digər bir sıra səbəbləri nəzərə aldığımız üçün sentyabrın 15-də mitinq keçirməyi müzakirə etməmişik".

Mitinqlərə başlamaq üçün C.Həsənlinin namizədliyinin qeydə alınmağını gözləmədiklərini bildirən MŞ rəsmisi deyib ki, növbəti həftə mitinqlə bağlı qərar qəbul edilə bilər. A.Hacılı onu da qeyd edib ki, MŞ-in növbəti sessiyasının nə zaman keçiriləcəyi ilə bağlı məsələ də hələ ki, dəqiqləşməyib.

Anar
AzNews.az