Uyğur türkləri –zamanın sınağından keçən toplum

12 Noyabr 2025 09:35 (UTC+04:00)

Uyğur türkləri 19-cu yüzillikdə və 20-ci yüzilliyin əvvəllərində Tarançı, Kaşğarlı, Yarkəndli, Turfanlı və digər adlarla tanınmışdır. 1921-ci ildə Daşkənddə qəbul edilən qərardan sonra “uyğur” adı işlənməyə başlamış və 1934-cü ildə ümumi ad olaraq qəbul edilmişdi. Uyğur dili Cığatay türkcəsinin davamı və ya bir qoludur. 1930-cu illərə qədər Cığatay yazı dilindən istifadə edən uyğurlar, bu tarixdən etibarən mərkəz şivə olan Urumçi ləhcəsini ədəbi dil kimi istifadə etməyə başladılar.

Min illər öncə tamamilə eyni dildə danışdığımız Uyğur dili ilə Azərbaycan türkcəsi arasında bəlli səbəblərdən dolayı xeyli fərqlər meydana gəlib. Buna baxmayaraq Uyğur dilində asanlıqla başa düşəcəyimiz minlərlə söz var. Bəzən eyni bir söz həm bizim dildə, həm də Uyğur türkcəsində eyni şəkildə tələffüz olunur. Çağdaş Uyğur dilində işlənən bəzi sözlərə və onların Azərbaycan dilində necə səsləndiyinə diqqət edək;

Doğu Türküstan əhalisinin 50 faizdən çoxu Uyğur dilində danışmaqdadır. Min ildən artıq istifadə edilən ərəb əlifbasından istifadə 23 noyabr 1969-cu ildə Çin hökuməti tərtəfindən tam yasaq edildi. 1980-ci illərdə Uyğur aydınları tərəfindən uyğur fonetikasına uyğun şəkildə kirill əlifbası əsasında hazırlanan əlifbanın qəbul edilməsi cəhdi Pekin tərəfindən rədd edildi.

Lakin buna baxmayaraq, bu mübariz xalq dirəniş göstərməyi davm etdirdi. 1983-cü ildə Urumçidə yaradılan Dil Yazı Xidməti Komitəsi tərəfindən daha əvvəllər istifadə etdikləri ərəb əlifbası üzərində dəyişikliklər və yeniliklər edilməklə yeni uyğur əlifbası yaradıldı və qəbul edildi.

Doğu Türküstanda idarəetmə Pekinə bağlıdır. Bura Çin işğalına məruz qalandan bir qədər sonra, 1952-ci ildə 10 ayrı-ayrı bölgəyə ayırılmışdır. Acınacaqlı hal budur ki, Doğu Türküstanda bütünlüklə idarəetmə çinlilərin ixtiyarındadır. Bütün yetkilər uyğurlardan alınıb. Siyasi, hərbi, iqtisadi və digər sahələrdə qərar vermə haqqı çinlilərin və Çin hakim dairələrinin səlahiyyətindədir.

Doğu Türküstan neft, volfram, qızıl, kömür kimi strateji xam maddələrlə zəngin olan bir torpaqdır. Bu torpaqlar zəngin yeraltı və yerüstü sərvətlərə sahibdir. Çində mövcud olan 150-yə qədər qiymətli maddənin 118 növü Doğu Türküstan ərazisindən çıxarılır. Doğu Türküstanda indiyə qədər 5 min yerdə sənaye müəssisəsi tikilib istifadəyə verilmişdir. Bu isə Çində mövcud olan sənaye müəssisələrinin 85 faizi deməkdir. Burada 500 bölgədən benzin, 30 bölgədən isə təbii qaz çıxarılır. Hər il bu torpaqlardan Çinə 10 milyon ton neft daşınır. Bütövlükdə Çinin kömür ehtiyatlarının yarısı Doğu Türküstan torpaqlarındadır. İllik qızıl istehsalı 360 kiloqramdan artıqdır. Geniş örüşlərə, böyük meşələrə və yaylalara malik olan Doğu Türküstanda 60 milyona yaxın qoyun və mal-qara saxlanmaqdadır. Və ürək parçalayan məqam; burada sənaye müəssisələrində çalışanların 90 faizindən çoxu bu ərazilərə yerləşdirilən çinlilərdir.

Doğu Türküstanda təhsilin durumu acınacaqlıdır. Burada insanların 60 faizi oxuyub-yazmağı bacarmır. Mətbu yayınların yalnız 15 faizi uyğur dilindədir. Daha acınacaqlısı budur ki, uyğur tarixi, ədəbiyyatı, mədəniyyəti ilə bağlı bilgilər yalnız Çin rəsmi dairələrinin müəyyən etdiyi ölçüdə və məzmunda verilir. Rəsmi ölçüdən kənar bilgi vermək qadağan edilmişdir. Təhsil müəssisələrin digər ölkələrin təhsil müəssisələri ilə hər hansı bir əlaqə qurması da yasaqdır. Əlifbanı dəyişəndən sonra bu torpaqlarda ildən-ilə oxumanın və öyrənmənin səviyyəsi aşağı düşməkdədir.

Doğu Türküstanda din və vicdan azadlığı yoxdur. Burada Budduzm, Lamaizm, Xristianlıq və digər dinlərin ardıcılları var. Lakin əhalinin yarıdan çoxu müsəlmandır. Burada insanların təşkilatlanma haqqı, qanunlar qarşısında çinlilərlə bərabər ola bilmək haqqı və siyasi haqları olmadığı kimi dini azadlıqıları da yoxdur.

Doğu Türküstanda məmurların, işçilərin və tələbələrin ibadət yerlərinə getmələri və ibadətlə məşğul olmaları yasaqdır. İbadət etdiyi aşkar olunan işçi işdən atılır, tələbə məktəbdən qovulur. Dini təhsil almaq istəyənlər üçün heç bir təhsil ocağı yoxdur. Məscidlərdə dini söhbətlər aparılmaz, burada yalnız dövlətin qayda-qanunları təbliğ edilir. Evində dini kitab tapılan şəxs məsuliyyətə cəlb olunur. Belə insanlara maddi cəzadan tutmuş həbs cəzasına qədər müxtəlif növ cəzalar verilə bilər.

Burada Ramazan ayında dövlət idarələrində və təhsil müəssisələrində oruc tutmaq rəsmən qadağan edilmişdir.

Doğu Türküstan (Uyğurstan) günümüzdə 30 milyondan artıq (bəzi qaynaqlarda 35 milyon) insanın yaşadığı bir yerdir:

Çinlilər – 16 milyon

Uyğurlar - 12 milyon

Qazaxlar - 1 milyon

Huilər - 600 min

Qırğızlar - 150 min

Mançular - 90 min

Taciklər - 30 min

Özbəklər - 15 min

Sarı uyğurlar - 12 min

Tatarlar - 5 min

Tibetlilər - 5 min

Ruslar 3 min və sair.

Doğu Türküstan, özəlliklə burada yaşayan uyğurlar ağır və çətin günlər yaşamaqdadır. Hazırda dünyada 20 milyondan artıq uyğur türkü var. Onların yarıdan çoxu əzəli torpaqları olan Doğu Türküstan ərazisində yaşayır. Qazaxstanda 250 minə yaxın, Özbəkistanda 60 min, Qırğızstanda 50 mindən artıq, Türkiyədə 25 minə yaxın uyğur türkü var.

Yaponiyada yayımlanan “Mainichi Daily News” adlı qəzet 29 iyun 2000-ci il tarixli sayında yazırdı: “Doğu Türküstanda gün keçdikcə Çin müdaxiləsi və yoxlamaları daha da artaraq dözülməz həddə çatmaqdadır. Burada Çin ordusu hər yerdədir. Əlaqə çox məhdud və daimi polis nəzarətindədir. Çox az kənddə telefon var və bu telefon xətlərinin hər biri dinlənilir. Hər hansı bir şəxs yersiz bir şübhəyə görə illər boyu həbsə atılır”.

Doğu Türküstan türklərini assimilyasiyaya uğradılaraq tarix səhnəsindən silməyə çalışırlar. Bunun üçün ən çox istifadə olunan üsul sistemli şəkildə çinlilərin buraya köçürülməsidir. Bir zamanlar burada yaşayan əhalinin 93 faizini uyğurlar təşkil edirdisə, bu gün bu siyasət nəticəsində burada uyğurların sayı 35 faizə enməkdədir.

Sözdə Muxtar bölgə qurulsa da, bu yurdun əzəli sahibləri olan uyğurlar tam basqı altındadırlar. İdarəetmədə çox az sayda olan uyğurların heç bir səlahiyyəti yoxdur. Doğu Türküstandan gələn xəbərlərə görə uyğur və çinli arasında baş verən münaqişlərdə birmənalı olaraq uyğurlar cəzalandırılır. Alman yazar Ulrix Şmid "Pekin's Campaign to Destroy Uigur Culture" (Pekinin Uyğur kültürünü yoxetmə kompaniyası) adlı yazısında bu durumu belə dəyərləndirir:“... digər bir deyimlə, Çinin quzey batısı olan Doğu Türküstanda gücün gerçək üzü, görünən ümidverici mənzərədən çox fərqlidir. Çində gerçək güc dövlətin orqanlarında deyil, Kommunist Partiyasının yönətici kadrlarının əlində olduğu üçün əsil yönəticilər hər yerdə çinlilərdir”.

Bu gün Doğu Türküstan iqtisadi, ədəbi, mədəni və siyasi basqı altındadır. Ən əski türk soylarından biri və yarıdan çoxu müsəlman olan bu topluma türk və müsəlman dövlətlərinin diqqət ayırması, dəstək olması, çağdaş durumlarının öyrənilməsi və səslərinin dünyaya çatdırılması üçün əməli işlər görməsi tarixi zərurətə çevrilmişdir. Coğrafi baxımdan bizə uzaq olan bu torpaqlar, milli mənsubluq və mənəviyyat baxımından nəinki bizə yaxındılar, bizim bir parçamızdılar.

Hazırladı Pərvanə Dadaşzadə

Yazı “Ortaq Dəyərlər” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra etdiyi “Türk Dünyası QHT Platformasının yaradılması ilə bağlı təşəbbüslər” layihəsi çərçivəsində hazırlanıb