“Ermənistandan gəlib AYB-nin torpağını işğal etməyəcəklər...”

11 Sentyabr 2013 11:01 (UTC+04:00)
"Yazıçılar Birliyi Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovdan müsbət cavab gözləyir".

Bunu AzNews.az-a Yazıçılar Birliyinin mətbuat katibi Ədalət Əsgəroğlu bildirdi. Onun sözlərinə görə, hazırda YB-i üçün ayrılan torpaq sahəsi müəyyənləşir: "Hazırda iş gedir. Müəyyənləşdirirlər ki, görsünlər bu torpaq yerində durur, ya yox. Biz müsbət cavab gözləyirik. Kimdir bizim torpağı zəbt edən? Ermənistandan gəlib bizim torpağı işğal etməyəcəklər ki. Bu torpaq Yazıçılar Birliyinindi". Xatırladaq ki, Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) 23 iyul 2009-cu il tarixli 282 saylı sərəncamına əsasən, Azərbaycan Yazıçılar Birliyinə (AYB) general Şıxlınski küçəsində yaşayış binasının tikintisi üçün əlavə torpaq sahəsi ayrılıb. Həmin torpaq sahəsinin taleyi ilə bağlı Yazıçılar Birliyi Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova müraciət etmişdi. Birlik rəsmisi yazıçılar üçün ayrılan torpaq sahəsinin taleyi ilə yanaşı, həm də sözügedən sahənin müəyyən sənədlərin qaydaya salınmasında köməklik göstərmələrini xahiş etmişdi.

Bahar Rüstəmli
AzNews.az