“Ermənistan Baş naziri Nikol Paşinyanın Qazaxıstana planlaşdırılan səfəri Cənubi Qafqazda dəyişən güc balansı fonunda strateji əhəmiyyət daşıyır. Bu səfər təkcə ikitərəfli əlaqələrin deyil, həm də regional diplomatiyanın yeni konturlarının formalaşmasına təsir göstərə bilər. Qazaxıstanın son illərdə Azərbaycanla münasibətlərini strateji müttəfiqlik səviyyəsinə yüksəltməsi konteksti daha da önəmli edir. Enerji, nəqliyyat və təhlükəsizlik sahələrində sıx koordinasiya, həmçinin Türk Dövlətləri Təşkilatında Qazaxıstanın fəal mövqeyi onu regionda balanslaşdırıcı aktora çevirir”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Tural İsmayılov deyib.
Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın Qazaxıstana planlaşdırılan səfəri Cənubi Qafqazda formalaşan yeni siyasi reallıqlar fonunda xüsusilə diqqət çəkir. Son illərdə Qazaxıstanla Azərbaycanın münasibətlərinin strateji müttəfiqlik səviyyəsinə yüksəlməsi və regional əməkdaşlıq platformalarında həyata keçirilən sıx koordinasiya isə bu səfərin mümkün nəticələrinə dair gözləntiləri daha da artırır.
Siyasi şərhçinin fikrincə, Paşinyanın bu səfəri Ermənistanın təşkilat daxilində mövqeyini yumşaltmaq və yeni dialoq-kanallarının açılmasına şərait yaratmaq cəhdi kimi dəyərləndirilə bilər.
"Gündəmində Zəngəzur dəhlizi və regional inteqrasiya məsələlərinin olacağı istisna edilmir. Qazaxıstan Bakı–İrəvan dialoqunda neytral və etibarlı tərəfdaş kimi vasitəçilik potensialına malikdir. Onun balanslı xarici siyasəti və Ermənistanla münasibətlərinin gərginlikdən uzaq olması bu rolu mümkün edir. Azərbaycan da Qazaxıstanın prosesi dəstəkləyən mövqeyini müsbət qarşılayır. Regional sülh gündəliyinin irəliləməsi üçün bu kimi aktorların iştirakı vacibdir. Türk Dövlətləri Təşkilatının artan geosiyasi çəkisi fonunda üzv dövlətlər arasında koordinasiyalı diplomatiya daha da ön plana çıxır. Nəticə etibarilə, Paşinyanın Qazaxıstan səfəri həm regional güc balansının, həm də sülh prosesinin gələcək dinamikasının formalaşması baxımından mühüm test rolunu oynayır. Qazaxıstanın verəcəyi mesajlar isə prosesin istiqamətinə ciddi təsir göstərə bilər".
Rəfiqə Namazəliyeva,
AzNews.az