“Müəllimlər üçün adekvat şərait və ikiqat maaş artımı təmin olunmasa, model çökmə riski daşıyır” - Sona Əliyeva

18 Noyabr 2025 16:42 (UTC+04:00)

“Dünyada müəllimlərin iş saatına görə maaş alması geniş yayılmış praktikadır. Lakin bu model yalnız o zaman effektiv işləyir ki, müəllimin iş gününün məzmunu əvvəlcədən dəqiq müəyyənləşdirilsin. Avropa ölkələrində müəllimlərin həftəlik 36–40 saatlıq iş rejimi var, amma bu saatların yarısı dərs deyil — hazırlıq, qiymətləndirmə, fərdi iş, valideynlərlə ünsiyyət və peşəkar inkişaf fəaliyyətləridir. Bizdə isə hələ də bir çox məktəbdə müəllimin iş görəcəyi masa, ayrıca otaq və rahat mühit belə təmin olunmayıb. Bu şəraitdə sadəcə “09:00–18:00 məktəbdə ol” tələbini irəli sürmək islahat deyil, nəzarət mexanizmi təsiri bağışlayır. Tam ştatlı sistem mahiyyət etibarilə doğru addımdır: müəllimliyi yarımştat dərs yüklərindən çıxarıb, tam peşəkar fəaliyyətə çevirməyə imkan yaradır”.

Bu fikirləri Aznews.az-a açıqlamasında təhsil eksperti Sona Əliyeva deyib.

Xatırladaq ki, Azərbaycan müəllimlərinin əməkhaqqısı və statusu ilə bağlı müzakirələr davam edir. Elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, mövcud saat hesabı ilə ödəniş sistemi yanlış təsəvvürlər yaradır və təkmilləşdirilməlidir. Bu məqsədlə “tam ştatlı müəllim” konsepsiyası hazırlanır. Yeni model müəllimlərin məktəbin tamhüquqlu üzvü kimi fəaliyyətini təmin etməyi və onların əməkhaqqısının ölkə üzrə orta göstəricidən ən azı iki dəfə yüksək olmasını nəzərdə tutur. Nazir əlavə edib ki, maaş artımını yalnız dərs saatlarını çoxaltmaqla həyata keçirmək düzgün yanaşma deyil və dəyişdirilməlidir. Konsept yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq və geniş müzakirə üçün şərait yaradılacaq.

Ekspert bildirib ki, iş saatının artırılması real maaş artımı, adekvat iş şəraiti və institusional dəstək olmadan müəllimlərin üzərindəki yükü artıracaq və nəticədə peşədən uzaqlaşma hallarını sürətləndirəcək.

"Dünyada da bu səbəbdən müəllim çatışmazlığı ilə üzləşən çoxlu ölkələr var. Bu model həmçinin məktəblərin kadr siyasətlərini dəyişəcək: eyni fənni 5–6 müəllimin bölüşdüyü hazırkı xaotik vəziyyət yerini daha sistemli struktura verəcək və hər bir fənn üzrə baza müəllimi seçilməli olacaq. Bu, məktəblərdə sabitlik yaratsa da, ikinci iş yerinə güvənən müəllimlər üçün çətin keçid mərhələsi demək olacaq. Bütün bunların fonunda əsas sual Təhsil Nazirliyinin bu keçidi necə planlaşdırmasıdır. Mənim fikrimcə, bu model Azərbaycan üçün potensial olaraq çox faydalıdır, amma yalnız aşağıdakı şərtlər təmin olunarsa:

— iş gününün məzmunu (fəaliyyət proqramı) dəqiq hazırlanmalıdır;

— müəllimlər üçün real, adekvat iş şəraiti yaradılmalıdır;

— maaşlar nəzərəçarpacaq dərəcədə artırılmalıdır;

— keçid mərhələli, adaptasiya və dəstək mexanizmləri ilə aparılmalıdır;

— müəllim hazırlığı və təlim sistemi paralel şəkildə yenilənməlidir.

Əks halda “tam ştat” adı altında həm müəllimləri yükləyəcək, həm də təhsil sistemində mövcud kadr böhranını daha da dərinləşdirəcəyik. İslahatın əsas məqsədi müəllimi məktəbdə “saatla saxlamaq” deyil, müəllimliyi cəlbedici və davamlı peşəyə çevirmək olmalıdır".

Rəfiqə Namazəliyeva,

AzNews.az