Öncə bir vacib məsələni fərqləndirək.
Tənqid hər bir vətəndaşın təməl hüququdur. Cəmiyyətin inkişafı, dövlət qurumlarının sağlam fəaliyyət göstərməsi və ictimai nəzarətin güclənməsi məhz tənqid mədəniyyətinə bağlıdır. Tənqid subyektiv yanaşma ola bilər, obyektivlik iddiası da daşıya bilər, lakin hüquqi nəticə doğurmur.
İttiham isə hüquqi kateqoriyadır. İttiham irəli sürmək yalnız səlahiyyətli dövlət orqanlarının işidir. Bu baxımdan mediada yer alan faktlar cinayət işlərinin başlanmasına rəvac verə bilər. Bu, qanunların tələbidir.
Mədəniyyət Nazirliyi əvvəlki illərdə korrupsiya, rüşvətxorluq və idarəetmədə çoxsaylı nöqsanlara görə gündəmə gəlib. Nazirliyin onlarla vəzifəli şəxsinə cinayət işi açılıb, korrupsiya halları məhkəmə predmeti olub. Nəticədə, cəmiyyətdə bu quruma qarşı ciddi inamsızlıq yaranıb. Elə bu səbəbdən də sözügedən dövlət qurumunun məsul şəxsləri şəffaflıq və hesabatlılıq prinsiplərinə, cəmiyyətlə sağlam kommunikasiyaya daha həssas yanaşmalıdırlar ki, bu təbii şübhələr aradan qalxsın.
Bu kontekstdə Nura Surinin son açıqlamaları ciddi presidentdir və geniş ictimai maraq doğurur. Bu məsələni "şəxsi qarşıdurma" kimi nəzərdən keçirmək yanlış olar. Problem şəffaflıqla bağlıdır. Ona görə də Surinin açıqlamaları Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və beynəlxalq hüquqla qorunan söz azadlığı çərçivəsindədir.

Nura Suri son illərdə fəaliyyətini yalnız estrada sahəsi ilə məhdudlaşdırmayan, sosial-siyasi mövzulara münasibət bildirən, cəmiyyətin aktual problemlərinə reaksiya verən diqqətəlayiq isimlərdəndir. O, bir ictimai intellektualdır. Mötəbər auditoriya ilə dialoq yaratmağı bacarır, müstəqil mövqe sərgiləyir, cəmiyyəti narahat edən problemlərə işıq salır. Onun saxta konformizmdən uzaq durması isə hər birimizdə şəxsinə böykü sayğı yaradır. Bəli, müasir dövlət idarəçiliyində ictimai intellektuallar strateji resursdur və ölkəmizdə bu resursu formalaşdıranlardan biri də məhz Nura Suridir.
Odur ki, nazirlik ictimai intellektualları "qarşı tərəf" kimi deyil, tərəfdaş kimi görməli, onlarla dialoq platforması yaratmalı, tənqidlərə emosional yox, analitik yanaşma göstərməlidir. Bunun üçün nazirliyin kommunikasiya strategiyasını dəyişməsi və ya gücləndirməsi lazımdır. Məsələn, Mədəniyyət Nazirliyi yanında İctimai Şura var.
Çox yaxşı olar ki, bu Şura Nura Surini və digərlərini öz iclaslarına dəvət esin, açıq bir müzakirə aparılsın. Niyə də yox?
İctimai intellektualları müxtəlif vasitələrlə usandırmaq, bezdirmək, sistemdən kənarlaşdırmaq lazım deyil. Çünki ictimai intellektuallar bir ölkədə "sosial vicdan" deməkdir. Onlar susanda:
- korrupsiya artır,
- hesabatlılıq zəifləyir,
- cəmiyyətin informasiya mənbələri daralır,
- dövlət-cəmiyyət münasibətləri deformasiya olunur.
Bu gün məsələlərə şou qalmaqallardan daha fərqli rakursdan baxmalıyıq. Bilməliyik ki, tarixi Zəfərdən sonra mədəniyyət sahəsi Müdafiə Nazirliyi qədər strateji əhəmiyyət daşıyır- bunu dəfələrlə yazmışam. Demişəm ki, Azərbaycanda qalib milli kimlik narrativinin yaradılmasında bu nazirliyin üzərinə çox böyük iş düşür.
Şəxsən mənim üçün əsas sual budur: Mədəniyyət Nazirliyi bu tarixi missiyanı yerinə yetirə bilmək üçün konseptual baxımdan "köhnə idarəçilik vərdişləri"ndən qopa bilibmi?
Bu sual ciddi, ancaq obyektiv və konstruktiv ictimai müzakirə tələb edir.
Şəxsi müşahidələrim səhv ola bilər, amma belədir ki, Mədəniyyət Nazirliyi zaman-zaman təqdirəlayiq layihələrlə çıxış etsə də, ölkəmizdə yenilənmiş mədəniyyət ideologiyası hələ mövcud deyil. Ancaq bilməliyik ki, “Zəfər mədəniyyəti” spontan addımlarla, ChatGPT bəyanatları ilə deyil, sistemli konsepsiya ilə formalaşa bilər.
Taleh ŞAHSUVARLI,
AzNews.az analitik-informasiya portalının Baş redaktoru