“Vətən müharibəsindən sonra Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycanın əsas hissəsinin Naxçıvana quru yolla maneəsiz keçidi təmin olunmalıdır. Dövlət başçısının bu tələbi artıq Ermənistan tərəfindən qəbul edilib. Belə ki, 8 avqust tarixində ABŞ-da imzalanmış Birgə Bəyannamədə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz gediş-gəlişin təmin olunması rəsmən təsdiq olunur. Bununla da Zəngəzur Dəhlizi layihəsinin reallaşması istiqamətində mühüm mərhələ başa çatır. Prezident İlham Əliyevin “Zəngəzur dəhlizi açılmalıdır və açılacaq” fikri Vaşinqton danışıqlarında öz təsdiqini tapmış oldu”.
Bu fikirləri Aznews.az-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan ötən həftə İrəvanda keçirilən “Dünyanın kəsişməsi: Regional rabitənin inkişafı” konfransında çıxışı zamanı bildirib: “Sovet dövründə Azərbaycan ilə Tavuş və Sünik (Zəngəzur) bölgələri arasında birbaşa dəmir yolu xətti mövcud olub. Ermənistan həm Türkiyədən Marqara keçidi, həm də Kornidzor vasitəsilə Azərbaycana və əks istiqamətdə yük daşımalarını dərhal təmin etməyə hazırdır”. Paşinyan əlavə edib: “Bunu indi təklif etməyimizin səbəbi həmin infrastrukturun hazır olmasıdır. Digər sahələr üzrə də texniki hazırlıq tamamlanıb. Biz siyasi cəhətdən də tam hazırıq, sadəcə, bu istiqamətə investisiya yatırılmalıdır”.
Deputat bildirib ki, Vaşinqtonda Zəngəzur dəhlizinin işə düşməsi ilə bağlı ABŞ və Ermənistan arasında ayrıca saziş də imzalanıb.
"ABŞ Prezidenti Donald Tramp bu dəhlizin qarantı qismində çıxış edəcək. Praktiki mərhələyə görə Azərbaycan həm Zəngilan, həm də Naxçıvan istiqamətində Ermənistan sərhədinədək dəmir yolu infrastrukturunu hazır vəziyyətə gətirir. Dəhlizin Zəngəzurdan keçən hissəsi üzrə maneəsiz tranzit təmin ediləcək və həm yük, həm də sərnişin daşımaları üçün Azərbaycanın əsas hissəsindən Naxçıvana birbaşa quru yol mümkün olacaq. Naxçıvan Dəmir Yollarının sərhəddən keçən Ələt–Arazdəyan xəttinin uzunluğu 300 km-dən 541,5 km-ə qədər olan ərazini əhatə edir. Zəngilan rayonunda Ağbənd stansiyası, Ermənistan ərazisində isə Nüvədi, Astazur, Mehri, Kərçivan və Zərəni olmaqla beş stansiya mövcuddur. Dəhlizin Ermənistan ərazisindən keçən hissəsində dəmir yolunun tikintisi isə birbaşa Ermənistanın öhdəliyidir. Ermənistan ABŞ-la imzaladığı müqavilə çərçivəsində dəhlizə qarantlıq mexanizminə qoşulub və Vaşinqtondan maliyyə və texniki dəstək ala biləcək. Bu marşrut TRİPP (Zəngəzur dəhlizi) adlandırılır. Yolun “Tramp marşrutu” kimi təqdim olunması isə ABŞ Prezidentinin prosesdə zəmanətçi rolunu simvolik olaraq ifadə edir. Azərbaycanın Şərq–Qərb nəqliyyat dəhlizi üzrə planları da bu istiqaməti əhatə edir. Zəngəzur vasitəsilə Naxçıvana, oradan isə Türkiyəyə quru yolunun bərpası ölkənin strateji hədəflərindən biridir”.
Rəfiqə Namazəliyeva,
AzNews.az