Agentlik sədri: “35 min nəfərdən artıq qadın özünüməşğulluq proqramına cəlb edilib” - FOTOLAR

19 Noyabr 2025 18:29 (UTC+04:00)

“Bu gün qadın sahibkarlar təkcə biznes yaradıcıları deyil, həm də innovasiyaların daşıyıcıları, sosial dəyişimin təşəbbüskarları və inkişafın aparıcı qüvvəsidir. Ölkəmizdə qadınların iqtisadi həyatda rolunun güclənməsi dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilib və bu məsələ aparılan sosial-iqtisadi islahatların mərkəzində dayanır”.

Bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev Azərbaycan HR İnstitutu və Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının təşkilatçılığı ilə keçirilmiş "Women's Entrepreneurship Summit 2025" tədbirində deyib.

S.Əliyev bildirib ki, Dövlət Məşğulluq Agentliyi ölkədə qadın sahibkarlığının inkişafında maraqlıdır və əsas məqsəd əmək bazarında bərabər imkanların yaradılmasına, həmçinin qadınların öz bilik və bacarıqları ilə əmək bazarında daha fəal iştiraklarına şərait yaratmaqdır.

Qadın sahibkarlığının inkişafında Agentliyin həyata keçirdiyi özünüməşğulluq proqramının xüsusi rolu olduğunu vurğulayan S.Əliyev bu proqramın icrasına başlandığı 2017-ci ildən bəri 35 min nəfərdən artıq qadının özünüməşğulluğa cəlb edildiyini deyib: “Bu da ümumi göstəricinin 30 faizdən çoxunu təşkil edir. Rəqəmlərdən də göründüyü kimi, özünüməşğulluq proqramı çərçivəsində minlərlə qadına kiçik ailə təsərrüfatları və ya mikro biznes yaratmaq imkanı verilib. Bu proqram həm şəhər, həm də kənd yerlərində qadınlar üçün real iqtisadi başlanğıc nöqtəsidir və onların sahibkarlığa keçidini asanlaşdırır”.

Agentliyin sədri son 5 ildə Agentlik tərəfindən 330 min nəfərə yaxın qadının aktiv məşğulluq tədbirlərinə cəlb olunduğunu da bildirib. Bura işlə təmin olunmuş qadınlarla yanaşı, özünüməşğulluq, peşə hazırlığı, əməkhaqqının birgə maliyyələşməsi proqramlarına cəlb olunanlar və digər kateqoriyalı qadınlar da daxildir.

Sədr qeyd edib ki, Agentlik tərəfindən qadınların sahibkarlıq fəaliyyətinə dəstək göstərilməsi məqsədilə layihələr də həyata keçirilir. Bura “Məktəbim” proqramı, "Sosial müəssisələr", "Kitab Bağı", "Ümid Tekstil Atelyesi" sosial müəssisəsi və digər layihələri misal göstərmək olar.

Həmçinin, qadınların iqtisadi həyatda rolunun gücləndirilməsi məqsədilə sosial tərəfdaşlarla birgə ardıcıl fəaliyyətin davam etdirildiyi bildirilib.

AzNews.az