“Ermənistan da artıq sülhün vacibliyini anlayır” - Həşim Səhrablı

19 Noyabr 2025 18:51 (UTC+04:00)

“Parlamentlərin qanunverici orqan olması reallığını nəzərə alanda görmək olur ki, təkcə Azərbaycan-Ermənistan münasibətlərində deyil, istənilən dövlətlərarası münasibətlərdə parlamentlərarası əlaqələrin yaxşı qurulması və səmərəli iş mexanizminin formalaşdırılması münasibətlərə kifayət qədər faydalı təsir göstərə bilər. Azərbaycan-Ermənistan münasibətlərində isə vəziyyət bir qədər fərqlidir. Burada parlamentlərin xüsusiliyi ondan ibarətdir ki, 30 ildən artıqdır ki, dövlətlər müstəqilliklərini bərpa etdikdən sonra diplomatik əlaqələr qurulmayıb. Bu əlaqələr əsasən üçüncü ölkələrdə, beynəlxalq konfranslarda, ildə bir-iki dəfə formal görüşlər şəklində həyata keçirilib”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Həşim Səhrablı deyib.

Xatırladaq ki, ATƏT Parlament Assambleyasının İstanbulda keçirilən 23-cü payız sessiyası çərçivəsində Azərbaycan və Ermənistan parlament nümayəndə heyətləri arasında ikitərəfli görüş keçirilib. Görüş, Azərbaycan və Ermənistan parlament sədrləri arasında bu il oktyabrın 21-də Cenevrədə aparılan müzakirələrdə əldə olunmuş razılaşmalar əsasında baş tutub. Görüş zamanı Vaşinqton sammitinin müsbət rolu qeyd olunub, əldə edilmiş razılaşmalar və Azərbaycanla Ermənistan arasında sülhün möhkəmləndirilməsi istiqamətində atılan növbəti addımlar, eləcə də hər iki ölkənin parlamentlərinin bu prosesə verdiyi dəstək müzakirə edilib. Eyni zamanda, söhbət zamanı iki ölkə arasında etimadın artırılması tədbirlərində parlamentlərin roluna diqqət çəkilib və parlament üzvləri arasında beynəlxalq təşkilatlar çərçivəsində konstruktiv dialoqun əhəmiyyəti vurğulanıb.

Siyasi şərhçi bildirib ki, bu görüşlərdə çox vaxt yalnız formal, səthi və nəticəsiz ünsiyyət müşahidə olunub.

"Azərbaycan və Ermənistan dövlətlərinin təşkil etdiyi görüşlərdən daha çox, üçüncü və ya dördüncü ölkələrin təşəbbüsü ilə görüşlər baş tutub. Ona görə də milli məclislər, parlamentlər diplomatiyanın qapısını yenidən aça və iki tərəfli münasibətlərdə ənənənin bərpasına səbəb ola bilərlər. Çünki hər hansı problem mövcuddursa, onu həll etmək üçün müzakirə aparılmalıdır. Müzakirə aparmaq üçün əsas icraedici orqanlar olsa da, qanunverici orqanlar icraedici orqanlara yol xəritəsi təqdim edə bilər. Bu baxımdan Azərbaycan və Ermənistan parlamentləri funksional olaraq işə başlayar və nəticə ortaya qoymaq imkanı əldə edə bilər. İndiki mərhələdə isə bu görüşlərin formal olub-olmaması məsələsinə yalnız yaxın gələcəkdə cavab tapmaq mümkün olacaq. Əgər görüşlər fayda verirsə, ortaq razılaşmalar və maraqlar təmsil olunursa, əməldə addımlar atılırsa, deməli bu görüşlər nəticəyə fokuslanmış olur və təsir göstərməyə başlayır. Əks halda, tərəflər, xüsusilə Ermənistan tərəfi yenə də şovinist iddialarda qalarsa və münasibətləri öz maraqları prizmasından davam etdirərsə, görüşlər yenə də formal xarakter daşıyacaq. Ancaq düşünürəm ki, artıq Ermənistan tərəfi də anlayır ki, regiona sülh gətirmək vacibdir. Bu, qlobal qarşıdurmaların qarşısını almaq və böyük dövlətlərin maraq dairəsində əzilən ikinci və üçüncü dövlətlər kimi qalmaqdan qorunmaq üçün lazımdır. Nəticədə inkişaf etmiş təhlükəsizlik arxitekturası formalaşacaq və həm Azərbaycan, həm də Ermənistan xalqı təhlükəsizlik və rifah içində yaşaya biləcək".

Rəfiqə Namazəliyeva,

AzNews.az