“BMT-nin ümumiyyətlə effektiv bir qurum olmaması ilə bağlı müzakirələr artıq 10 ildən artıqdır davam edir. Həqiqətən də BMT bir çox qlobal məsələləri həll etməkdə aciz qalır və təbii ki, bu da istər-istərməz narazılıq yaradır. Bunun əsas səbəbi kimi BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü olan dövlətlərin öz maraqlarını qlobal maraqlarından üstün tutması göstərilir. Məsələn, indiki halda Rusiya BMT Təhlükəsizlik Şurasının daimi beş üzvündən biridir. Lakin Rusiya Ukraynaya təcavüz edib müharibə aparır, haqqsızlıq edir, insanları öldürür və yeri göyü dağıdır. Halbuki BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi Rusiyanın üzərində qlobal sülhün qorunması və məsuliyyəti də var. Yəni bu məsuliyyəti bir kənara atıb özü təcavüzkarlıqla məşğul olan bir dövlət əlbəttə ki, belə bir qurumda təmsil olunmamalıdır".
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının daimi üzvlüyünün yenidən nəzərdən keçirilməsi beynəlxalq gündəmin mühüm mövzularından biridir. Mövcud daimi üzvlər bəzən mühüm qlobal məsələlərdə vahid mövqe ortaya qoya bilmir və qəbul olunan qərarların icrasına ortaq yanaşma göstərmirlər ki, bu da təşkilatın effektivliyini zəiflədir. Ekspertlər hesab edirlər ki, BMT Təhlükəsizlik Şurasında islahatlar qaçılmazdır və xüsusilə yeni daimi üzvlərin qəbul edilməsi beynəlxalq təhlükəsizlik arxitekturasının yenilənməsi üçün zəruridir. Müzakirələrdə adı tez-tez hallanan ölkələrdən biri də Azərbaycandır. Strateji coğrafi mövqeyi, enerji təhlükəsizliyinə verdiyi töhfələr, sülhməramlı əməliyyatlarda iştirakı və multivektor diplomatiyası fonunda ölkəmizin Təhlükəsizlik Şurasında daimi üzv olma namizədliyi aktuallaşır.
Siyasi şərhçi qeyd edib ki, hətta BMT Təhlükəsizlik Şurasında təmsil olunan bəzi dövlətlərin əhalisindən daha çox əhalisi olan dövlətlər və xalqlar kənarda qalır.
"Bu, xüsusilə türk xalqları üçün nəzərəçarpandır. Belə ki, bu qədər böyük türk xalqının Təhlükəsizlik Şurasında daimi üzvlərdən biri olmaması ədalətsizlikdir. Eyni zamanda, İslam dünyasının da Təhlükəsizlik Şurasında bir nəfər, bir ölkə belə təmsilçisi yoxdur. Halbuki dünyada təxminən 2 milyarda yaxın müsəlman yaşayır və 50-dən çox müsəlman dövləti mövcuddur, yəni dünya dövlətlərinin dörddə biri müsəlman dövlətləridir. Buna baxmayaraq, Təhlükəsizlik Şurasının daimi üzvləri arasında İslam aləmi təmsil olunmur. Bu baxımdan Azərbaycanın həm türk dünyası, həm də İslam dünyası adına BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən biri olması təşəbbüsü əsaslandırıla bilər. Ancaq bu təşəbbüsü irəli sürmək üçün hər şeydən öncə türk dövlətlərinin, eləcə də müsəlman ölkələrinin razılığını almaq vacibdir. Azərbaycanın bunu etmək imkanları isə mövcuddur. Həm türk dövlətləri daxilində, həm də İslam ölkələri daxilində Azərbaycana etimad var və sözümüz keçir. Sadəcə diplomatiyamız daha intensiv işləməli və bu istiqamətdə ardıcıl iş aparmalıdır. Hesab edirəm ki, indiki mərhələdə BMT Təhlükəsizlik Şurasının daimi üzvləri ilə bağlı islahat aparılması günün tələbidir və bu tələbin yerinə yetirilməsində Azərbaycanın, özünün ədalətli mövqeyi ilə seçilən bir dövlət olaraq, orada təmsil olunmasına yol açılmalıdır".
Rəfiqə Namazəliyeva,
AzNews.az