KİV: ABŞ Ukraynanın öz ərazilərindən imtina etməsini təklif edib

19 Noyabr 2025 22:41 (UTC+04:00)

ABŞ Ukrayna Prezidenti Volodimir Zelenskiyə Rusiya ilə münaqişəyə son qoymaq üçün Vaşinqton tərəfindən hazırlanmış çərçivə planını qəbul etməyi təklif edib.

Aznews.az-ın məlumatına görə, bu barədə "Reuters"ə iki mənbə bildirib.

Onların fikrincə, plan layihəsi digər məsələlərlə yanaşı, Kiyevin bəzi əraziləri və müəyyən silah növlərini verməsini, həmçinin Ukrayna Silahlı Qüvvələrinin sayının azaldılmasını nəzərdə tutur. Mənbələr vurğulayıblar ki, ABŞ Ukraynanın təklif olunan planın əsas müddəalarına razılaşmasına sadiqdir.

"Politico" daha əvvəl Ağ Evin yüksək rütbəli rəsmisinə istinadən xəbər vermişdi ki, Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün çərçivə razılaşması bu həftə əldə oluna bilər.

Bu arada Axios xəbər verib ki, Rusiya və ABŞ gizli şəkildə 28 bəndlik yeni sülh planı üzərində işləyir.

Nəşrin məlumatına görə, planı Rusiya prezidentinin xarici ölkələrlə investisiyalar və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyevlə konsepsiyanı müzakirə edən ABŞ prezidentinin nümayəndəsi Stiv Uitkoff hazırlayır.

Bu xəbərləri şərh edən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov prezident Vladimir Putinlə ABŞ prezidenti Donald Tramp arasında Alyaskada keçirilən sammitdən sonra heç bir "yenilik"in olmadığını bildirib.