Azərbaycan Gürcüstanla istehlakçıların hüquqları ilə bağlı Qarşılıqlı Fəaliyyət Planı imzalayıb

20 Noyabr 2025 14:56 (UTC+04:00)

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi ilə Gürcüstanın Rəqabət və İstehlakçıların Hüquqlarının Müdafiəsi Agentliyi arasında Qarşılıqlı Fəaliyyət Planı imzalanıb.

Aznews.az xəbər verir ki, sənəd iki qurum arasında rəqabət siyasəti və istehlakçı hüquqlarının müdafiəsi üzrə əməkdaşlığın gücləndirilməsini, təcrübə mübadiləsinin genişləndirilməsini, qarşılıqlı fəaliyyətin daha da inkişaf etdirilməsini nəzərdə tutur.

Dövlət Agentliyinin Aparat rəhbəri Tural İsmayılovun rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstana işgüzar səfər çərçivəsində paytaxt Tbilisidə keçirilən "Rəqabət və istehlakçıların müdafiəsi" mövzusunda IV Beynəlxalq Konfransda iştirak edib. Üç günlük konfrans çərçivəsində davamlı iqtisadi inkişafın təmin edilməsində rəqabət siyasətinin rolu, rəqabət mühitinin tənzimlənməsində qlobal yanaşmalar, eləcə də istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı mövcud trendlər və çağırışlara dair təqdimatlar edilib, panel müzakirələri təşkil olunub.

Agentliyin Hüquq şöbəsinin əməkdaşı Şəhla Eyvazzadə "Tənzimlənən sektorlarda rəqabət siyasəti: çağırışlar və imkanlar" adlı panel müzakirəsində çıxış edərək tənzimlənən bazarlarda rəqabət mühitinin formalaşdırılması, istehlakçıların hüquqlarının qorunması və bu istiqamətdə tətbiq olunan hüquqi və institusional mexanizmlər barədə məlumat verib. Panel müzakirələrində həmçinin istehlakçı hüquqlarının müdafiəsində beynəlxalq təşkilatların rolu, bu sahədə tənzimləyici qurumların, eləcə də qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti, istehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı maarifləndirmə və davamlı inkişafa nail olmaq üçün tətbiq edilən qlobal mexanizmlərə dair fikir mübadiləsi aparılıb, təqdimatlar nümayiş etdirilib.