Azərbaycanın AI strategiyası: nələri təcili dəyişməliyik?

20 Noyabr 2025 16:49 (UTC+04:00)

Azərbaycan 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyasını təsdiq edib. Sənəd doğru istiqamətdə bir addımdır, amma reallıq odur ki, bu sənəd hələ də icraya yönəlik deyil, çox ümumi və konseptual xarakter daşıyır.

Başqa ölkələrdəki AI strategiyaları ilə müqayisədə bizim sənədin zəif tərəfləri daha qabarıq görünür.
Xüsusilə də, Strategiyada əlaqələndirmə Nazirlər Kabinetinə həvalə edilsə də, indiyə qədər nə prioritet sektorlar açıqlanıb, nə idarəetmə mexanizmi formalaşıb, nə də dövlət qurumları üçün fəaliyyət planları hazırlanıb. Bəlkə də var, amma bütün bunlar pərakəndə haldadır.

Süni intellekt kimi sürətli transformasiya tələb edən sahədə bu lənglik artıq ciddi riskdir.

Əsas boşluqlar nələrdir?

İdarəetmə modeli qeyri-müəyyəndir: AI Agentliyi, sektor komitələri, data tənzimləmə mexanizmləri yoxdur. Data siyasəti demək olar ki, yoxdur: dəfələrlə deyilən problem - dövlət datalarına əlçatanlıq, data ekonomika modeli, Data Exchange platforması, data etikası strategiyada əksini tapmayıb.

Azərbaycan dili və milli LLM üzrə yol xəritəsi yoxdur: TDE istiqamətləri qeyd edilsə də, milli dil korpusu, LLM-lərin yaradılması üzrə konkret plan yoxdur.

Hesablama infrastrukturu gecikdirilib: GPU klasterləri 2026–2028-ci illər üçün nəzərdə tutulub — bu isə regional və beynəlxalq rəqabətdə bizi çox geri salır.

Bildiiym qədər İN və AzİnTelecom-a məxsus superkompüter mərkəzlərində işlər başa çatmaq üzrədir. Fikrimcə onların tez istifadəyə vermək doğru olardı.

Biz gərək indidən bilək ki nə qədər xidmət AI ilə optimallaşdırılacaq, hansı sahələrdə effektivlik artacaq, hansı modellər hazırlanacaq-heç biri Strategiyada göstərilmir.

Əlbəttə Strategiyada nəzərdə tutulan “təlim”, “maarifləndirmə”, “resursların təhlili” kimi müddəalar vacibdir.
Amma daha çox real nəticə yaradacaq layihələrə ehtiyac var.

Baxıram ki, BƏƏ, Türkiyə, Səudiyyə Ərəbistanı, Ermənistan, Qazaxıstan və s. kimi ölkələr konkret yanaşma sərgiləyiblər , konkret maliyyə çərçivələri, milli modellər və GPU klasterləri müəyyən ediblər.
Beləliklə görünən odur ki, bir yandan mövcud Strategiyada olan məsələlərin müəyyənləşməsində gecikirik, digər tərəfdən də rəqabətə davamlılıq üçün bizə daha təkmil bir yanaşma vacibdir.

Düşünürəm ki ən qısa zamanda NK strategiyada nəzərdə tutulan qurumları, biznesi, maraqlı tərəfləri bir yerə toplayaraq bir əlaqələndrimə sistemi formalaşdırmalıdır və yeni tədbirlər planının hazırlanmasına, bu sahəyə böyük maliyyə resurslarının ayrılmasına start verməlidir.

Osman GÜNDÜZ