“Bölgədə sabitliyi pozan əsas aktor uzun illər Ermənistan olub” – Azad Məsiyev

20 Noyabr 2025 19:06 (UTC+04:00)

“Azərbaycan qonşularla dinc yanaşı yaşamaq prinsipinə sadiqdir və bu siyasəti beynəlxalq hüquq çərçivəsində həyata keçirməkdə maraqlıdır. Xüsusilə də Gürcüstanla münasibətlərimiz həm siyasi, həm iqtisadi, həm də humanitar müstəvidə yüksək səviyyədədir. Qonşuluq münasibətlərində qarşılıqlı hörmət prinsipi əsas götürülür. Azərbaycanın “Əsrin müqaviləsi”ndən başlayaraq Bakı–Tbilisi–Ceyhan neft kəməri, qaz boru xətləri və digər strateji enerji layihələri məhz Gürcüstan üzərindən həyata keçirilir. Eyni zamanda Orta Dəhlizin mühüm qollarından biri də Gürcüstan ərazisindən keçir”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib.

Qeyd edək ki, Azərbaycan–Gürcüstan diplomatik əlaqələrinin 33-cü ildönümü qeyd olunur və bu illər ərzində Bakı müxtəlif sahələrdə Tbilisiyə əhəmiyyətli dəstək göstərib. Məlumdur ki, rəsmi Bakı Ermənistan konstitusiyasının dəyişdirilməsini tələb edir, çünki sənəddə Azərbaycana qarşı ərazi iddiaları yer alır. Tarixi proseslər göstərir ki, erməni siyasi və ictimai dairələri vaxt-vaxtı ilə Cavaxetiyaya münasibətdə də iddialı mövqelər səsləndiriblər.

Siyasi şərhçi qeyd edib ki, Cənubi Qafqazda davamlı sabitliyin təmin olunması üçün bölgənin üç ölkəsi arasında münasibətlərin sağlam və etibarlı təməllər üzərində qurulması mühüm əhəmiyyət daşıyır.

"Lakin məlum olduğu kimi, bu məsələdə Ermənistan uzun illərdir pozucu siyasət yürüdür. Ermənistan cəmiyyətində “dənizdən dənizə böyük Ermənistan” ideyası hələ də müəyyən qruplar tərəfindən təbliğ edilir. Bu iddialar təkcə Azərbaycan torpaqlarına deyil, Gürcüstanın bəzi ərazilərinə də yönəlmiş şəkildə özünü göstərir. Bundan başqa, Gürcüstan ərazisində yaşayan bir qrup erməninin separatçı çağırışlarda bulunması da müxtəlif vaxtlarda müşahidə olunub. 44 günlük Vətən müharibəsində Azərbaycanın qələbəsi bölgədə yeni siyasi reallıq yaratdı və Ermənistan bu reallığa uyğunlaşmağa məcburdur. Əks halda, iqtisadi və siyasi baxımdan yeni problemlərlə üzləşəcək. Əgər Ermənistan dünyaya inteqrasiya etmək istəyirsə, ilk növbədə qonşuları — xüsusilə Azərbaycan və Türkiyə ilə münasibətlərini yenidən qurmalıdır. Bu isə yalnız ərazi iddialarından tam imtina etməklə mümkündür. "Böyük Ermənistan” xülyası regionda sülh və sabitlik üçün əsas maneələrdən biridir. Ermənistan cəmiyyəti anlayır ki, bu ideologiya nə real, nə də davamlıdır. Əgər Ermənistan Konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə qarşı iddialar aradan qaldırılmasa, Azərbaycan da öz növbəsində adekvat cavab vermək hüququna malikdir. Çünki bugünkü Ermənistan dövləti tarixi Azərbaycan torpaqlarının hesabına formalaşıb və bu mövzu gündəmə gətirilərsə, Azərbaycanın da öz tarixi əraziləri ilə bağlı mövqeyini ortaya qoymaq haqqı var. Nəticə etibarilə, Ermənistan uzun illər bölgədə sabitliyi pozan siyasət aparsa da, bu gün yeni reallıq yaranıb. Cənubi Qafqazda davamlı sülh və əməkdaşlıq yalnız Ermənistanın yeni siyasi vəziyyətə uyğunlaşması, Azərbaycan və Gürcüstanla normal diplomatik münasibətlər qurması, xarici siyasət konsepsiyasını yeniləməsi və qonşularla dinc yanaşı yaşamaq prinsipini əsas götürməsi ilə mümkündür. Əks halda, Ermənistanın gələcək taleyi ciddi sual altına düşə bilər".

Rəfiqə Namazəliyeva,

AzNews.az