“Bu mövzu təkcə Azərbaycan cəmiyyəti üçün deyil, dünyanın bir çox ölkəsi üçün aktualdır. Olduqca ciddi xarakter daşıyır və belə halların qarşısını almaq üçün hansı addımların atılmalı olduğu barədə düşünmək vacibdir. Bu gün sosial media bir növ tərbiyə üsuluna çevrilib və kütləvi şüurun daha da güclənməsi müşahidə olunur. Bu proses fərdi şüurun inkişafını arxa plana keçirir. Kütləvi şəkildə yayılan, xüsusən də neqativ trendlər fərdi düşüncə tərzini zəiflədir. Bu isə arzuolunmaz haldır. Özünə güvən, özünü ifadə və özünü təsdiq kimi keyfiyyətlər kölgədə qalır. İnsanlar hər hansı məsələyə dair şəxsi qənaət formalaşdırmadan, eşitdikləri ilk məlumata refleks səviyyəsində reaksiya göstərməyə başlayırlar”.
Bu fikirləri Aznews.az-a açıqlamasında sosioloq Hüseyn İbrahimov deyib.
Xatırladaq ki, son illərdə sosial şəbəkələr gənclərin gündəlik həyatında getdikcə daha böyük rol oynamağa başlayıb. TikTok, Instagram, YouTube və digər platformalar yalnız əyləncə və informasiya mənbəyi deyil, həm də gənclərin özünüifadə etdiyi, sosial əlaqələr qurduğu və davranış modellərini formalaşdırdığı məkana çevrilib. Lakin bu platformalarda yayılan riskli trendlər, impulsiv davranışlar və nalayiq ifadələr işlətmək kimi hallar cəmiyyət üçün yeni sosial və psixoloji çağırışlar yaradır. Belə vəziyyətlər valideynlər, təhsil müəssisələri və qanunverici orqanlar üçün gənclərin sosial media davranışını izləmək və tənzimləmək ehtiyacını aktuallaşdırır.
Sosioloq qeyd edib ki, bu, inkişaf edən süni intellektin və texnoloji mühitin insanın, cəmiyyətin və xüsusilə də gənclərin düşünmə sürətini qabaqladığını göstərir.
"Sosial mediada baş verən proseslər bu tendensiyanı daha da gücləndirir, xüsusilə gənclər arasında. Bu problemin həlli üçün qanunverici strukturların və aidiyyəti dövlət qurumlarının fəaliyyəti böyük rol oynayır. Dövlət və cəmiyyətin milli maraqlarına zərər vura biləcək məsələləri izləmək və onlara operativ reaksiya vermək vacibdir. Son dövrlərdə sosial şəbəkələrdə insanların bank məlumatlarının oğurlanması, yaxud milli maraqlara uyğun olmayan çağırışların yayılması hallarında hüquq-mühafizə orqanları xüsusi əhəmiyyət daşıyır. Bəzi məsələləri qanunvericiliklə tənzimləmək mümkündür, lakin bir çox problemlərin həlli maarifləndirmə və cəmiyyət daxilindən yaranan təşəbbüslər vasitəsilə mümkün ola bilər. Sosial mediada genişlənən neqativ tendensiyaların qarşısının alınması üçün yeni nəzarət mexanizmlərinin yaradılması vacibdir. Gənclərin və yeniyetmələrin kütlə psixologiyasının təsiri altına düşməsinin qarşısını almaq üçün yol xəritəsi hazırlanmalıdır. Bu, çox ciddi məsələdir. Ailə institutu artıq bu funksiyanı təkbaşına daşıya bilmir. Ona görə də sosial media ilə təhsil müəssisələri arasında qarşılıqlı fəaliyyət mexanizminin qurulmasına ehtiyac var. Araşdırmalar aparılmalı, tədbirlər keçirilməli, öyrənmə və analiz prosesləri genişləndirilməlidir. Bunların əsasında yeni model və effektiv platforma yaradılmalıdır. Bir çox ölkələr bu mərhələdən keçir, lakin effektiv platforma hazırlaya bilməyənlər də az deyil. Bu fakt göstərir ki, biz də bu istiqamətdə ciddi düşünməli və aydın yol xəritəsi hazırlamalıyıq. Elmi institutların sosial media ilə birlikdə çalışması xüsusi əhəmiyyət daşıyır. Təhsil və ailə institutlarının gücü bu problemi tam həll etməyə kifayət etmir. Sosial media, elmi-tədqiqat qurumları, mütəxəssislər, dövlət və qeyri-dövlət təşkilatları bir araya gələrək vahid model, etik çərçivə və effektiv platforma formalaşdırmalıdırlar".
Rəfiqə Namazəliyeva,
AzNews.az