Azərbaycanda tibb müəssisələri üçün vahid və ədalətli vergi çərçivəsi yaradılmalıdır.
Aznews.az xəbər verir ki, bunu deputat Rəşad Mahmudov Milli Məclisin bugünkü plenar iclasında 2026-cı ilin dövlət büdcəsi zərfinə daxil olan Vergi Məcəlləsi və 16 qanuna təklif edilən dəyişikliklər paketinin I oxunuşda müzakirəsində bildirib.
Onun sözlərinə görə, müxtəlif xəstəxanalar və səhiyyə strukturları fərqli vergi rejimlərinə tabe tutulur: "Bu yanaşma, hamımıza məlumdur ki, uzun illərdən bəri davam edir və nəticədə bir sahədə eyni işi görən mütəxəssislər arasında bərabər olmayan iqtisadi şərait formalaşır. Eyni tibbi xidməti göstərən qurumlara fərqli vergi münasibəti bir tərəfdən bazarda ədalətsiz rəqabət yaradır və digər tərəfdən də investisiya mühitinə mənfi təsir göstərir.
Bu gün iqtisadi blokun da burada olmasını nəzərə alaraq, sualım belədir. Səhiyyə sahəsində fəaliyyət göstərən bütün subyektlər üçün, istərsə dövlət, yəni Səhiyyə Nazirliyinin tərkibində olan elmi-tədqiqat institutları, tibb universiteti, istər özəl, istərsə də müxtəlif hüquqi formalı tibb müəssisələri üçün vahid və ədalətli vergi çərçivəsinin yaradılması nəzərdən keçirilirmi?"