Azərbaycan Qvineya və Liviyaya alma satmağa başlayıb

21 Noyabr 2025 12:38 (UTC+04:00)

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan xaricə 50,2 milyon ABŞ dolları dəyərində 71,4 min ton alma göndərilib.

Aznews.az xəbər verir ki, bu, 2024-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 46 %, kəmiyyət olaraq – 35 % çoxdur.

Hesabat dövründə Rusiyaya 42,1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 45 % çoxdur) 61,2 min ton (+39 %), Türkiyəyə 2,8 milyon ABŞ dolları dəyərində 2,8 min ton (1 il bundan əvvəl tədarük olmayıb), Birləşmiş Ərəb Əmirliklərinə 2,3 milyon ABŞ dolları dəyərində (+18 %) 2,4 min ton (-20 %), Qazaxıstana 1,2 milyon ABŞ dolları dəyərində (-10 %) 2,9 min ton (-11 %), Özbəkistana 733 min ABŞ dolları dəyərində (-46 %) 621 ton (-60 %) məhsul satıb.

Bu il son 14 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Qvineya (22,3 min ABŞ dolları dəyərində 22,3 ton) və Liviyaya (220 min ABŞ dolları dəyərində 206 ton) tədarük həyata keçirilib.