“Türkiyənin xarici işlər naziri Hakan Fidanın Zəngəzur dəhlizi ilə bağlı mütəmadi açıqlamalar verməsi başadüşüləndir. Çünki dəhlizin açılması təkcə region üçün deyil, elə Türkiyənin özü üçün də yeni perspektivlər yaradır. Fidanın da qeyd etdiyi kimi, ən azı tranzit imkanlarının genişlənməsi baxımından bu layihə ciddi geoiqtisadi üstünlüklər təqdim edir. Siyasi tərəfi bir kənara qoysaq belə, bu istiqamətdə səslənən açıqlamalar regionun geoiqtisadi xəritəsini daha real perspektivdə dəyərləndirməyə imkan verir. Bu perspektivin mərkəzində isə Azərbaycanın öz suveren ərazilərini birləşdirməsi, Türkiyənin iqtisadi-ticarət əlaqələrini möhkəmləndirməsi və daha geniş çərçivədə Türk dünyasının inteqrasiyası dayanır”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Rəşad Bayramov deyib.
Xatırladaq ki, Zəngəzur dəhlizi ilə bağlı son açıqlamalar regionda siyasi gərginliyi yenidən artırıb. Türkiyənin xarici işlər naziri Hakan Fidan layihənin strateji əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, Zəngəzur dəhlizi Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək və Türkiyə bu prosesdə tranzit imkanlarını genişləndirən tərəf kimi iştirak edir. Bu bəyanatdan sonra Ermənistan Baş naziri Nikol Paşinyanın sərt reaksiyası rəsmi İrəvanın “Zəngəzur dəhlizi” terminindən ciddi narahat olduğunu göstərdi. Paşinyan bildirib ki, Ermənistan ərazisindəki infrastrukturun adlandırılması yalnız Ermənistanın hüququdur və rəsmi İrəvan “Sülh dəhlizi” və TRIPP layihələrindən kənar terminləri qəbul etmir. Fidan isə qeyd edib ki, Zəngəzur dəhlizi hazırda Azərbaycan və Ermənistan arasında müzakirə mövzusudur, dəhliz olmadığından ticarət Gürcüstan və İran vasitəsilə həyata keçirilir.
Siyasi şərhçinin sözlərinə görə, Ermənistan baş naziri Nikol Paşinyanın “Zəngəzur” termini ilə bağlı hər dəfə verdiyi reaksiya nə faktiki reallığa uyğundur, nə də prosesin gedişinə hər hansı təsir göstərir.
"Paşinyan və digər Ermənistan rəsmiləri anlamalıdırlar ki, Zəngəzur dəhlizi yalnız Ermənistan ərazisindən keçən 42–43 kilometrlik yoldan ibarət deyil. Dəhlizin marşrutu Şərqi Zəngəzurdan başlayaraq Naxçıvan–Türkiyə sərhədinə qədər uzanır. Ermənistan ərazisindən keçən hissə isə sadəcə bu geniş marşrutun bir seqmentidir. Başqa sözlə, Paşinyanın narahatlığı real regional ticarət və tranzit reallıqlarını nəzərə almayan, daha çox daxili siyasi auditoriyaya hesablanmış qərəzli mövqedir. Paşinyanın bu yanaşması həm də Ermənistanın uzun müddətdir sülh gündəliyini praktik və konstruktiv dialoqa çevirməməsinin göstəricisidir. O, “dəhliz” terminini siyasi alət kimi istifadə edir və faktiki infrastruktur layihəsinin yaratdığı imkanları görməzlikdən gəlir. Bu isə Ermənistanın geoiqtisadi perspektivini daraldır, regional inteqrasiyanı isə əngəlləyir. Zəngəzur dəhlizi həm iqtisadi, həm də siyasi baxımdan bütün tərəflər üçün yeni imkanlar açır. Azərbaycan üçün bu layihə Naxçıvanla birbaşa əlaqə və tranzit imkanlarının genişlənməsi deməkdir. Türkiyə üçün isə regional nəqliyyat-tranzit şəbəkəsinin mərkəzi oyunçularından birinə çevrilmək imkanıdır. Ermənistan üçün də potensial iqtisadi faydalar az deyil: dəhlizin açılması ölkəni tranzit ölkəyə çevirə, əlavə gəlirlər gətirə və iqtisadi canlanmaya təkan verə bilər. Paşinyan da bunları yaxşı anlayır, lakin siyasi səbəblərdən qərəzli mövqeyini davam etdirir ki, bu da Ermənistanın öz maraqlarına ziddir. Bütün bunlara baxmayaraq, terminoloji narahatlıqlar və siyasi bəyanatlar yalnız müvəqqəti gərginlik yaradır. Zəngəzur dəhlizi isə həm regional inteqrasiya, həm də yekun sülh sazişinin imzalanması üçün vacib platforma olaraq qalır. Dəhlizin açılması tərəflər arasında praktiki əməkdaşlıq imkanlarını genişləndirməklə yanaşı, regional ticarət şəbəkəsini də gücləndirəcək. Belə olan halda Paşinyan da anlamalıdır ki, əsassız narahatlıqlar və terminoloji manipulyasiyalar üçün yer yoxdur. Bu cəhdlər yalnız sülh və regional inteqrasiya prosesinə mane olmaq deməkdir. Zəngəzur dəhlizi sadəcə infrastruktur layihəsi deyil, həm də regionda iqtisadi inteqrasiyanın və sülh prosesinin əsas hərəkətverici mexanizmlərindən biridir".
Rəfiqə Namazəliyeva,
AzNews.az