İlham Əliyev BOK-un yeni prezidentini təbrik etdi

11 Sentyabr 2013 13:25 (UTC+04:00)
Prezident İlham Əliyev Olimpiya Komitəsinin Prezidenti vəzifəsinə seçilməsi münasibətilə Tomas Baxa təbrik məktubu yollayıb.

Dövlət başçısı Komitə prezidentinə fəaliyyətində uğurlar arzulayıb:

"Beynəlxalq Olimpiya Komitəsinin Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi yetirirəm.

Bu məsul vəzifəyə seçkilərdə qazandığınız dəstək beynəlxalq idman ictimaiyyəti tərəfindən Sizə böyük etimadın ifadəsi, Olimpiya hərəkatının inkişafı sahəsində xidmətlərinizə verilən yüksək qiymətdir.

Bu gün Azərbaycan ilə Beynəlxalq Olimpiya Komitəsi arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu məmnunluq hissi ilə qeyd etmək istərdim. İnanıram ki, Olimpiya ideallarının təntənəsi naminə əməkdaşlığımızı bundan sonra da uğurla davam etdirəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm".(AzərTAc)

AzNews.az