“Parlamentlərin qanunverici orqan kimi mövqeyini nəzərə aldıqda aydın olur ki, təkcə Azərbaycan–Ermənistan xəttində deyil, ümumiyyətlə, bütün dövlətlərarası münasibətlərdə parlamentlərarası dialoqun səmərəli şəkildə qurulması əlaqələrin inkişafına ciddi töhfə verə bilər. Azərbaycan ilə Ermənistan arasındakı münasibətlərdə isə vəziyyət bir qədər spesifikdir. Çünki iki ölkə müstəqillik əldə etdikdən sonra 30 ildən artıq müddətdə diplomatik münasibətlər qurulmayıb. Tərəflərin təmasları əsasən üçüncü ölkələrdə, beynəlxalq tədbirlər çərçivəsində, ildə bir-iki dəfə keçirilən formal görüşlərlə məhdudlaşıb.”
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Həşim Səhrablı deyib.
Qeyd edək ki, Cənubi Qafqazda sülh gündəliyinin aktuallaşdığı bir dövrdə Azərbaycan və Ermənistan arasında parlamentlərarası dialoqun gündəmə gəlməsi tərəflər arasında siyasi etimadın bərpası üçün yeni imkan kimi dəyərləndirilir.
Siyasi şərhçinin sözlərinə görə, məhz bu amil Azərbaycan və Ermənistan parlamentlərinə diplomatik kanalların bərpasına və ikitərəfli münasibətlərdə müəyyən ənənənin yenidən formalaşmasına imkan yarada bilər.
"Çünki problem mövcuddursa, onun həlli üçün dialoq zəruridir. Dialoqu əsasən icraedici strukturlar aparsa da, qanunverici orqanlar həmin qurumlara istiqamət verə, yol xəritəsi təqdim edə bilər. Bu baxımdan hər iki ölkənin parlamentləri daha aktiv rol oynamağa başlayarsa, konkret nəticələr əldə etmək imkanı yaranar. Hazırkı mərhələdə isə bu görüşlərin formal olub-olmadığı yalnız yaxın dövrdə bəlli olacaq. Əgər dialoq real fayda gətirərsə, ortaq maraqlar formalaşar, razılaşdırılmış addımlar atılarsa, deməli, bu təmaslar prosesə töhfə verə biləcək. Əks halda, xüsusilə Ermənistan tərəfi yenidən şovinist iddialara qayıdarsa və münasibətləri birtərəfli maraqlar əsasında davam etdirərsə, bu görüşlər yenə də formal səviyyədə qalacaq. Bununla belə, düşünürəm ki, artıq İrəvan da başa düşür ki, regionda sülhün təmin olunması qaçılmazdır. Bu, qlobal qarşıdurmaların qarşısını almaq və böyük dövlətlərin təsir zonasında asılı vəziyyətdə qalan ikinci, üçüncü dərəcəli aktorlara çevrilməmək üçün zəruridir. Nəticə etibarilə daha güclü təhlükəsizlik sistemi formalaşa bilər və həm Azərbaycan, həm də Ermənistan cəmiyyətləri daha sabit və rifahlı mühitdə yaşaya bilər".
Rəfiqə Namazəliyeva,
AzNews.az