Zakir Fərəcov Sumqayıt şəhər sakinlərinə təbrik ünvanladı - MƏTN

22 Noyabr 2025 11:59 (UTC+04:00)

1949-cu il noyabrın 22-də şəhər statusu alan Sumqayıtın bu gün 76 yaşı olur.

Bu münasibətlə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov şəhər sakinlərinə təbrik ünvanlayıb.

Təbrikdə deyilir:

Əziz sumqayıtlılar!

Sizi doğma Sumqayıt şəhərinin 76 illiyi münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə ən xoş arzularımı çatdırıram.

Bu əlamətdar gün təkcə böyük bir şəhərin yaranma tarixini deyil, həm də burada yaşayan yüz minlərlə insanın zəhmətini, fədakarlığını və şəhərimizin bugünkü inkişafına verdiyi misilsiz töhfələri yada salır. Sumqayıt ötən 76 ildə böyük və şərəfli bir yol keçmişdir. Bir vaxtlar boz və şoran torpaqlarda salınan Sumqayıt hazırda Azərbaycanın sənaye, elm, mədəniyyət mərkəzlərindən birinə və eyni zamanda respublikamızın sosial-iqtisadi inkişafına mühüm töhfə verən müasir bir şəhərə çevrilmişdir.

Sumqayıtın bugünkü simasında burada çalışan minlərlə insanın əməyi və zəhməti vardır. Bu nailiyyətlər hər birimiz üçün qürur mənbəyidir. Bu gün Sumqayıtın yeni inkişaf mərhələsi Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu rəhbərliyi, diqqət və qayğısı sayəsində daha da sürətlənmişdir.

Cənab Prezidentin Sumqayıta olan xüsusi münasibəti, şəhərdə sənaye potensialının genişləndirilməsi, ekoloji mühitin yaxşılaşdırılması, sosial infrastrukturun yenilənməsi istiqamətində həyata keçirilən layihələr Sumqayıtın inkişaf konsepsiyasının əsasını təşkil edir. Son illərdə şəhərimizdə genişmiqyaslı abadlıq və quruculuq işlərinin həyata keçirilməsi, yeni parkların, xiyabanların, bulvarın salınması, müasir sənaye müəssisələrinin istifadəyə verilməsi, təhsil, səhiyyə, mədəniyyət və digər sosial obyektlərin inşası Sumqayıtın dinamik, genişmiqyaslı inkişafının bariz nümunəsidir. Vaxtilə ekoloji baxımdan çirklənmiş şəhərlərdən olan Sumqayıt bu gün abadlıq və yaşıllaşdırma işləri sayəsində parklar şəhərinə çevrilib.

Şəhərimizin müasir görkəm alması, daha da gözəlləşməsi, abadlaşması məhz dövlətimizin diqqət və qayğısının nəticəsidir. İndi Sumqayıt Ulu Öndər Heydər Əliyevin arzuladığı, özünün hərtərəfli intibah dövrünü yaşayan, gözəlləşən, sözün həqiqi mənasında güllü-çiçəkli, abad bir şəhərdir. Əminəm ki, müasir şəhər nümunəsini özündə ehtiva edən Sumqayıt bundan sonra da ölkəmizin sosial-iqtisadi inkişafında önəmli rol oynayacaq, sakinlərimizin rifahı yüksələcək, şəhərimiz daha da çiçəklənəcəkdir. Bu yolda hər birinizin səyi, əməksevərliyi və şəhərə olan bağlılığı böyük önəm kəsb edir.

Əziz sumqayıtlılar!

Bir daha hər birinizi Sumqayıt şəhərinin 76 illiyi münasibətilə təbrik edir, sizə möhkəm cansağlığı, səadət və fəaliyyətinizdə uğurlar arzulayıram. Arzu edirəm ki, doğma şəhərimiz hər bir ailəyə firavanlıq, əmin-amanlıq və xoş günlər bəxş etsin.

Şəhər gününüz mübarək, əziz sumqayıtlılar!

Zakir Fərəcov,

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı