Mingəçevirdə məktəbli bıçaqlanaraq öldürüldü: 14 yaşlı şübhəli saxlanılıb

23 Noyabr 2025 11:39 (UTC+04:00)

Noyabrın 22-də saat 22:00 radələrində Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 2008-ci il təvəllüdlü Elmar Etibar oğlu Sarıyev bıçaq xəsarətləri ilə çatdırılıb.

TƏBİB-in verdiyi məlumata görə, yeniyetməyə “döş qəfəsinin deşilmiş yarası” diaqnozu qoyulub.

Həkimlərin həyata keçirdiyi reanimasiya tədbirlərinə baxmayaraq, pasiyent saat 23:00 radələrində vəfat edib.

Polis əməkdaşları tərəfindən görülən operativ tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 14 yaşlı yeniyetmə saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı ərazi üzrə polis orqanında araşdırma aparılır.

Qeyd edək ki, qətlə yetirilən Elmar Sarıyev Mingəçevir şəhər İ. Kişiyev adına 17 nömrəli tam orta məktəbin şagirdi olub.

AzNews.az