Düz yolda olduğumuzdan əminəm- ADNSU rektorunun məqaləsi

23 Noyabr 2025 13:20 (UTC+04:00)

Təhsilin gündəm olması yaxşı haldır!

Son günlər ümumi təhsildə aparılan islahatlar cəmiyyətdə geniş müzakirələrə səbəb olub.

Bu mövzu ilə bağlı bir neçə məqamı bölüşmək istərdim:

Emin müəllimin yanaşması rasional və data əsaslıdır. Tam səmimi qeyd edim ki, cənab nazir qlobalda mövcud olan təhsil nazirləri arasında təhsili ən yaxşı başa düşən nazirlərdəndir. Bunun dəfələrlə şahidi olmuşuq. Ona görə tamamilə düz yolda olduğumuzdan əminəm.

Müəllimlik tam ştatlı peşə kimi. Həkim, mühəndis, maliyyəçi necə tam gün işləyirsə, müəllim də işləyə bilər. Bunun üçün də motivasiya təklif edilir - iki dəfə yüksək maaş. Sertifikasiya balı da hazırda mövcud obyektiv alətdir həmin müəllimləri müəyyən etmək üçün. Tam ştatlı müəllim dərsə hazırlaşmalı, fənni üzrə yenilikləri izləməli, valideynlə işləməli, şagirdi təhlil etməli, tədqiqat aparmalı və bəzən məqalə yazmalıdır. Bu işlər üçün vaxt ayrılır və həmin vaxtın ödənişi təmin olunur.

Problem nədir?

Sistemsiz müzakirələr. Çox vaxt məsələnin mahiyyəti kənarda qalır və ümumi narazılıqlar səsləndirilir. Məsələn:

- “Dərslikdə səhv var” deyənlərin bir qismi illərlə kitablara heç baxmayıb. Bəzən iddia edilən kitablar ümumiyyətlə nazirliyə aid deyil və ya çoxdan dövriyyədən çıxıb. Ən az 3 belə hal ilə qarşılaşmışam.

- Yeni dərsliklər 2 il pilot mərhələdən keçir, rəy toplanır, müəlliflər (əsasən müəllimlər) tərəfindən beynəlxalq təcrübə əsasında hazırlanır. Nazir və nazirlik işçiləri kitab yazmır. Əminəm ki, yeni dərsliklər müasir tələblərə uyğundur, problem daha çox həmin dərsliklərdən istifadə bacarığı ilə bağlıdır.

- Repetitorluq məsələsində əsas problem odur ki, yaxşı müəllim məktəbdə az saat dərs deyib vaxtını repetitorluğa sərf edir. Təklif isə budur ki, yaxşı müəllim məktəbdə tam ştatlı işləsin, digər işlərlə yanaşı, ehtiyac olduqda şagirdə əlavə dərs keçsin, kömək etsin və bunun qarşılığını alsın.

Emosiyalar. Təhsilin gələcəyimizi müəyyən etdiyini deyiriksə, emosiyalarla deyil, real nəticələrlə danışmalıyıq. Nazirliyin illərdir apardığı islahatların məqsədi müəllimin motivasiyasını artırmaq, şagirdin öyrənməsini yaxşılaşdırmaq və məktəblərdə daha şəffaf idarəetməyə keçiddir.

Bunu təkzib edən hər hansı atılmış addımı nümunə kimi belə göstərmək mümkün deyil.

Təhsil islahatları ardıcıl və sistemli olduqda real nəticə verir. Sual ola bilər, əgər tam ştatlı müəllim modeli yaxşıdırsa, bunu niyə əvvəl etmirdilər? Məncə cavab odur ki, sistemdə müəllimlərin keyfiyyətinin artmasına və onların bir-birindən fərqləndirilməsinə ehtiyac var idi.

MİQ sistemə keyfiyyətli yeni müəllimlərin daxil olmasını təmin etdi, sertifikasiya isə mövcud müəllimlərin peşə bacarıqlarının artmasını və qiymətləndirilməsini təmin etdi. Artıq sistemdə olan müəllimlərimizin keyfiyyəti daha yaxşıdır və yeni islahatlar onların motivasiyasını daha da artıracaqdır.

Rüfət ƏZİZOV,

ADNSU-nun rektoru