Zəngəzur dəhlizi layihəsi bütün bölgə üçün faydalı olacaq.
Aznews.az xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili jurnalistlərin Zəngəzur dəhlizinin açılmasından sonra Gürcüstanın Orta Dəhlizdə funksiyalarını itirib-itirməyəcəyi ilə bağlı sualına cavabında deyib.
Şalva Papuaşvili bildirib ki, Gürcüstan Zəngəzur dəhlizi təşəbbüsünü alqışlayır: “Azərbaycanla Ermənistan arasında sülh sazişi bütövlükdə bölgə üçün yeni perspektivlər açır və bu, yalnız nəqliyyat dəhlizinin funksiyası ilə bağlı deyil. Bu, daşıyıcılara daha yaxşı şərtlərin təklif olunması baxımından vacibdir və rəqabət buna daha əlverişli zəmin yaradır. Digər tərəfdən, bu, regionun sabitliyinin göstəricisidir. Sabitlik həm dəhliz ətrafında infrastruktur təminatına, həm də bölgədə müxtəlif sahələrə investisiyaları artıracaq".