“Ukrayna müharibəsi ətrafında yaranmış vəziyyət həm Rusiya, həm də Ukrayna üçün son dərəcə mürəkkəb xarakter daşıyır. Çünki artıq hər iki tərəfin resursları tükənmək üzrədir. Hazırkı mərhələdə həm Ukrayna, həm də Rusiya üçün sülh danışıqlarının başlanması həyati əhəmiyyət kəsb edir. Savaşın dayandırılması olduqca taleyüklü məsələdir. Lakin Ukraynaya təklif edilən sülh şərtləri bu ölkənin gələcək təhlükəsizliyini ciddi risk altına qoyur. Həmin şərtlər hətta növbəti mərhələlərdə Rusiyanın Ukraynanı tamamilə işğal edib öz təsir dairəsinə daxil etmək niyyətini daha da gücləndirə bilər”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib.
Xatırladaq ki, Rusiya–Ukrayna müharibəsinin gedişatı yeni diplomatik aktivlik mərhələsinə daxil olub. ABŞ-ın təklif etdiyi sülh planı ətrafında aparılan müzakirələr həm Kiyevdə, həm də Qərb paytaxtlarında ciddi narahatlıq doğurur. Təklif edilən şərtlər Ukraynanın gələcək təhlükəsizliyi və ərazi bütövlüyü ilə bağlı suallar yaradır. Bununla belə, mövcud geosiyasi balans Kiyevin seçim imkanlarını xeyli məhdudlaşdırır və onu danışıqlar masasında daha ehtiyatlı davranmağa vadar edir. Qeyd edək ki, ABŞ administrasiyası ötən həftə Ukraynaya təhlükəsizlik təminatlarına dair yeni çərçivə sazişi təqdim edib. Bu barədə “RBC-Ukraina” öz mənbələrinə istinadla məlumat yayıb. Bildirilir ki, sənəd NATO-nun 5-ci maddəsinin prinsiplərinə əsaslanır və üç əsas müddəanı əhatə edir. Sazişə görə, Rusiyanın Ukraynaya yenidən silahlı hücumu baş verəcəyi təqdirdə, ABŞ Prezidenti ölkənin müdafiəsi üçün silahlı qüvvələrdən, kəşfiyyat və logistik dəstəkdən, eləcə də iqtisadi və diplomatik tədbirlərdən istifadə etmək səlahiyyəti əldə edir.
Siyasi şərhçi qeyd edib ki, mövcud şərtlərlə sülh sazişinin imzalanması Rusiyanın qarşıya qoyduğu məqsədlərin əhəmiyyətli hissəsinə nail olması ilə nəticələnəcək.
"Eyni zamanda bu, Rusiyaya gələcəkdə Ukraynanı tam işğal etmək üçün əlavə zaman qazandırmış olacaq. Təbii ki, rəsmi Kiyev bunun fərqindədir, lakin yaranmış situasiya Ukraynanın müqavimət imkanlarını xeyli məhdudlaşdırır. Hazırda Ukraynanın Rusiyaya qarşı döyüş qabiliyyəti əsasən Qərbin dəstəyindən asılıdır. Bu baxımdan Qərbin verəcəyi siyasi qərarların Ukraynanın mövqeyinə ciddi təsir göstərəcəyi real görünür. Bununla belə, mühüm bir məqam ondan ibarətdir ki, rəsmi Kiyev artıq ölkənin gələcək təhlükəsizliyi məsələsində nə ABŞ-a, nə də Avropa Birliyinə tam etibar edə bilməz. Çünki ABŞ və AB-nin verdikləri təhlükəsizlik təminatları Ukraynanın uzunmüddətli taleyini qorumaq baxımından kifayət etmir. Əslində, hər bir dövlət öz daxili resurslarına əsaslanaraq müdafiə və təhlükəsizlik sistemini qurmalıdır. Xatırladaq ki, vaxtilə Ukraynanın nüvə silahından imtina prosesi zamanı həm ABŞ, həm də Rusiya Kiyevə təhlükəsizlik təminatı vermişdi. Bu gün həmin təminatçılardan biri olan Rusiya Ukraynanın ərazilərini birbaşa işğal edir. Digər təminatçı olan ABŞ isə Ukraynanı müdafiə etmək istəmir və təqdim etdiyi sülh planı faktiki olaraq ölkənin Rusiyaya təhvil verilməsi təsiri bağışlayır. Bu səbəbdən ABŞ-nin Ukraynaya verəcəyi təhlükəsizlik təminatı ölkənin gələcək təhlükəsizliyini təmin etmək baxımından etibarlı mexanizm sayılmır".
Rəfiqə Namazəliyeva,
AzNews.az