“Rusiya–Ukrayna münaqişəsi dünyanın siyasi sistemini köklü şəkildə sarsıdıb. Bu münaqişə ABŞ-ın strateji planlarını da pozub. Mövzu ilə bağlı hazırkı ABŞ prezidenti Tramp açıq şəkildə bəyan edib ki, bu, Bayden administrasiyasının münaqişəsidir. Bayden kim idi? Bayden ABŞ-nin prezidenti idi. Tramp kim idi? Tramp da ABŞ-nin prezidenti idi və Baydenin varisidir. Trampın fikrincə, münaqişəni yaradan tərəf ABŞ olub və bu, Amerikanın ssenarisi əsasında baş verib. Artıq münaqişə elə bir mərhələyə çatıb ki, Rusiya həm hərbi, həm də siyasi baxımdan üstün tərəfdir. Rusiya Ukraynanın təxminən 20–25% ərazisinə nəzarət edir və bu, onun hərbi üstünlüyünü göstərir. Siyasi baxımdan da təşəbbüsü əlində saxlayan tərəf Rusiyadır. Rusiyanın şərtləri qəbul edilmədən münaqişənin dayandırılması və ya həlli mümkün deyil”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib.
Xatırladaq ki, Rusiya–Ukrayna müharibəsi artıq üç ildir ki, beynəlxalq siyasi və təhlükəsizlik sistemini sarsıtmağa davam edir. Beynəlxalq səylərə baxmayaraq, münaqişənin yaxın zamanda tam həll olunacağı sual altındadır. Lakin son diplomatik aktivlik, xüsusilə Türkiyənin vasitəçilik təşəbbüsləri və ABŞ-nin yeni sülh təklifləri, atəşkəs ehtimalını yenidən gündəmə gətirib. Bu kontekstdə Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında baş tutan telefon danışığı diqqət çəkir. Kremlin məlumatına görə, tərəflər Ukraynadakı vəziyyəti və ABŞ-nin nizamlanma təkliflərini müzakirə ediblər. Putin bir daha Rusiyanın siyasi-diplomatik həll variantlarına maraqlı olduğunu vurğulayıb.
Siyasi şərhçi bildirib ki, son vaxtlar ABŞ prezidentinin 28 maddədən ibarət sülh təşəbbüsü Avropa və Qərb tərəfindən müsbət qarşılanmır.
"Avropa siyasi elitası bu təşəbbüsü “Rusiyanın diktəsi ilə hazırlanmış sülh layihəsi” kimi təqdim etməyə çalışır. Əslində isə, Rusiya diktə edən tərəfdir. Rusiyanın şərtləri qəbul edilmədən münaqişə dayanmayacaq. Münaqişənin dayandırılması üçün onun yaranma səbəbi həll olunmalıdır. Təəssüflər olsun ki, bu illər ərzində münaqişənin kökündə duran səbəblərə heç bir qiymət verilməyib. Faktik olaraq, Rusiyanın hərbi qüvvələri Ukraynanın dərinliklərinə doğru irəliləyir. ABŞ və Avropa Ukraynaya nə qədər siyasi, hərbi və maliyyə dəstəyi versələr də, Rusiyanın gücü qarşısında dayana bilmirlər. Artıq bu yalnız Rusiya–Ukrayna müharibəsi deyil, faktiki olaraq Rusiya ilə NATO arasında gedən bir qarşıdurmadır və NATO bloku bu qarşıdurmada zəif mövqedədir. Qərbin və Ukraynanın təklifinə görə münaqişə dondurulmalı, atəşkəs elan olunmalıdır. Lakin atəşkəs növbəti hərbi əməliyyatlar üçün yalnız bir fasilə rolunu oynayır. Eyni vəziyyət Ermənistan–Azərbaycan və Fələstin–İsrail konfliktlərində də müşahidə olunub. Rusiya isə açıq şəkildə münaqişənin hərtərəfli həllini tələb edir. Bu baxımdan, sülh yolu ilə həll üçün neytral vasitəçilər lazımdır. ABŞ, NATO və Avropa Birliyi bu prosesdə vasitəçi ola bilməz, çünki onlar artıq tərəfdirlər. Bu münaqişədə neytral vasitəçi kimi Türkiyə rol oynaya bilər. Türkiyə birinci gündən bu münaqişədə tərəf olmadan, sülh yolunu təşviq edib. NATO və ABŞ Türkiyəni Rusiya əleyhinə qurulan bloka qoşulmağa təhrik etsələr də, Türkiyə öz milli maraqlarını nəzərə alaraq münaqişəyə qoşulmadı. Münaqişənin başlandığı gündən Türkiyə sülh yolunu həll etmək üçün vasitəçilik təşəbbüsünü irəli sürüb. Türkiyə Prezidenti bu prosesdə sülh fəlsəfəsinə uyğun davranıb və bir neçə beynəlxalq görüşdə ev sahibliyi edib. Məsələn, münaqişənin birinci ildönümündə İstanbulda keçirilən görüşdə razılaşmalar əldə olunub və Rusiya hərbi texnikasını Kiyev mərkəzindən geri çəkib. Lakin Avropanın təhriki ilə Zelenski bu razılaşmanı pozub və nəticədə ən böyük ziyan Ukrayna xalqına dəyib. 3 ildən artıq davam edən münaqişə zamanı Ukrayna ərazisinin təxminən 20–25%-i itirilib. Dünyada taxıl krizisi zamanı Ukrayna taxılının dünya bazarına çıxması üçün Rusiyadan razılıq alınıb və bu humanitar razılaşma Türkiyə vasitəsi ilə mümkün olub. Türkiyə bu münaqişədə neytral tərəf olaraq sülh yolunu təşviq edən ən vacib vasitəçi kimi çıxış edir. Gələcəkdə Rusiya və Ukrayna arasında prezident səviyyəsində rəsmi görüşlər keçirilərsə, Türkiyə bu görüşlər üçün ən real auditoriya və zəmanətverici tərəf olacaq. Ümumilikdə, ABŞ-nin 28 maddədən ibarət sülh təşəbbüsü Avropa tərəfindən qəbul olunmur. Amerikanın strateji planı tərkibsizdir və əgər Tramp bu münaqişəni dayandırmaq istəsəydi, onun hakimiyyətinin uzunömürlülüyü sual altında olardı. ABŞ-da kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq, strateji planlar toxunulmazdır və Trampın bu planlara qarşı çıxması onun siyasi hakimiyyətinə son qoya bilər. Amerikanın strateji planına görə, ABŞ imperiyasına təhlükə yaradan üç amil aradan qalxmalıdır: Rusiya hərbi gücü ilə, Çin iqtisadi gücü ilə və Avropa maliyyə gücü ilə. Uzun illər ABŞ və NATO Rusiyanı dünya siyasi xəritəsindən silmək üçün planlar qurub. Bu plan qismən həyata keçirilir, lakin Rusiyanın münaqişəyə cəlb olunması və zəiflədilməsi ssenarisi tam olaraq reallaşmayıb. Əgər Tramp bu strategiyaya qarşı çıxarsa, onun siyasi hakimiyyəti uzunömürlü olmayacaq".
Rəfiqə Namazəliyeva,
AzNews.az