“Hesab edirəm ki, Ermənistan xarici siyasət məsələlərində xüsusilə diqqətli olmalıdır. Son zamanlar Paşinyan və onun komandasının üzvləri xarici səfərlər və xarici tərəflərlə münasibətlər məsələsində bəzən lazımsız ifrata varırlar. Münasibətlərdə bərabərhüquqlu, qarşılıqlı tərəfdaşlıq əvəzinə ya qərb tərəfləri kimi çıxış edirlər ki, bu da bölgədə gərginlik və anlaşılmazlıqlara səbəb olur, ya da Rusiya tərəfdarı kimi davranırlar, amma daha çox qərb tərəfdarı mövqeyi nümayiş etdirirlər. Bu da təbii olaraq gərginliklərə və narazılıqlara gətirib çıxarır. Əlbəttə, Ermənistan müstəqil dövlətdir və hansı siyasəti yürütmək, hansı addımı atmaq onların öz işidir”.
Bu fikirləri Aznews.az-a açıqlamasında “Müasir İnkişaf” İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü bildirib.
Qeyd edək ki, son aylarda Ermənistanın xarici siyasətində Qərbə yönəli yeni aktivlik diqqət çəkir. Brüssel və digər Avropa forumlarında rəsmi səfərlərin intensivləşməsi, ABŞ və Avropa İttifaqı ilə diplomatik, iqtisadi və hərbi əlaqələrin genişlənməsi regionda mövcud güc balansına təsir edir. Bu yaxınlaşma həm də Moskva ilə münasibətlərdə gərginliyin artması riskini daşıyır.
Siyasi şərhçi qeyd edib ki, Ermənistan Cənubi Qafqazda yerləşdiyi üçün kəskin dönüşlü xarici siyasət kursu ziyanlı nəticələrə və əlavə gərginliklərə yol aça bilər.
"Cənubi Qafqaz bölgəsində biz bu prosesləri izləməkdə, mövqeyimizi bildirməkdə və Ermənistanı siyasətində daha korrekt davranmağa çağırmaqda haqlıyıq. Erməni siyasətçiləri hakimiyyəti bu məsələlərdə diqqətli olmalı, hər hansı bir dövlətin xeyrinə açıq tərəfdaş mövqeyi nümayiş etdirməməlidir, çünki bu, Qafqaz bölgəsində gərginlik yarada biləcək bir məqamdır. Ona görə də onların bu məsələlərdə xüsusilə diqqətli olmaları vacibdir".
Rəfiqə Namazəliyeva,
AzNews.az