25 Noyabr Kəlbəcər Şəhəri Günü müasir Azərbaycan dövlətçiliyinin şanlı salnaməsinə qızıl hərflərlə yazılmış günlərdən biridir. Bu tarix Kəlbəcərimizin uzun illər davam edən işğalına son qoyulduğu, doğma yurdumuzun düşmən tapdağından azad olunduğu gündür.
Cənab Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən 25 noyabrın “Kəlbəcər Şəhəri Günü” elan edilməsi həm tarixi, həm də siyasi əhəmiyyət daşıyır. Bu tarix təkcə bir coğrafi məkanın deyil, bütövlükdə Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpa olunmasının simvoludur.
Bu tarixi gün Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı misilsiz Qələbənin nəticəsi olaraq mümkün olmuşdur. 30 ilə yaxın bir müddətdə işğal altında qalan Kəlbəcərin azad olunması təkcə hərbi-siyasi Qələbə deyil, həm də ədalətin bərpası, xalqımızın milli ləyaqətinin təntənəsi idi.
Cənab Prezident İlham Əliyevin 2020-ci ilin noyabrında təsis etdiyi “Kəlbəcərin azad olunmasına görə” medalı ilə 9455 hərbi qulluqçu təltif edilmişdir. Bu, dövlətimizin öz qəhrəman övladlarına göstərdiyi yüksək dəyərin təzahürüdür.
Bu gün Kəlbəcər sürətlə yenidən qurulur. "Böyük Qayıdış" proqramı çərçivəsində bu torpaqlara həyat qayıdır. Cənab Prezident İlham Əliyevin xüsusi diqqəti və siyasi iradəsi ilə bölgədə genişmiqyaslı infrastruktur layihələri həyata keçirilir.
2024-cü ildə təsdiqlənən Kəlbəcər şəhərinin 2040-cı ilədək Baş Planı şəhərin iki dəfədən çox böyüdülməsini, 17 min nəfərlik əhalinin təminatını, 4250 yeni mənzilin, 4 məktəbin, 4 bağçanın, 2 xəstəxana və reabilitasiya mərkəzinin inşasını nəzərdə tutur. Adambaşına 33 m² yaşıllıq sahəsi ilə Kəlbəcər Azərbaycanın ən ekoloji şəhərlərindən birinə çevriləcək.
Kəlbəcər şəhərində 524 ailəlik müasir yaşayış kompleksi istifadəyə verilir. Cənab Prezident İlham Əliyevin Kəlbəcərə səfərləri çərçivəsində əhaliyə mənzil açarları təqdim etməsi Böyük Qayıdışın real icrasını göstərir.
Toğanalı–Kəlbəcər–İstisu avtomobil yolunun 87%-i tamamlanıb; 5 tunelin ümumi uzunluğu 25,9 km təşkil edir. 11,7 km-lik Murovdağ tuneli regionun ən uzun tuneli olmaqla strateji bağlantını təmin edir.
Meydançay, Çıraq-1, Çıraq-2, Soyuqbulaq, Aşağı Vəng, Nadirxanlı və Çaykənd kiçik su elektrik stansiyaları ilə rayonun enerji təhlükəsizliyi təmin edilir.
“İstisu” Müalicə-İstirahət Kompleksi və “İstisu” mineral su zavodu Kəlbəcərin iqtisadi potensialını artıran mühüm layihələrdir.
Azərbaycan dövləti Kəlbəcəri təkcə bərpa etmir. Onu müasir, yaşıl, təhlükəsiz və inkişaf etmiş bir bölgəyə çevirir. Bu gün Kəlbəcərə qayıdan hər bir ailə dövlətimizin qüdrətini, xalqımızın əzmini və iradəsini öz həyatında hiss edir.
Şanlı Zəfərimizi yaşadan qəhrəmanlarımıza, bu torpaqları dirçəldən bütün qurucularımıza dərin təşəkkürümü bildirirəm.
Kəlbəcər şəhəri günü münasibətilə bütün xalqımızı təbrik edirəm!
Fatma Yıldırım,
Milli Məclisin üzvü