“ABŞ–Çin münasibətlərini anlamağın açarı ‘qarşılıqlı asılı rəqabət’ modelidir” - Tural İsmayılov

25 Noyabr 2025 17:40 (UTC+04:00)

“ABŞ–Çin münasibətlərinin mediada təqdimatı əsasən iki çərçivədə qurulur: “soyuq müharibə” analoqu və “iqtisadi qarşılıqlı asılılıq” prizması. Bu yanaşmaların hər biri reallığın müəyyən tərəfini işıqlandırsa da, tam mənzərəni əks etdirmir. “Soyuq müharibə” bənzətməsi ideoloji qarşıdurma və geosiyasi bloklaşmanı vurğulasa da, ABŞ ilə Çin arasındakı dərin iqtisadi əlaqələr bu analoqun məhdud olduğunu göstərir. Bu səbəbdən medianın yalnız “soyuq müharibə” narrativi yaratması hadisələrin sadələşdirilmiş təsviri kimi qiymətləndirilir”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Tural İsmayılov deyib.

Qeyd edək ki, ABŞ-ın 2025-ci il xarici siyasət doktrinasında Asiya prioriteti daha da gücləndirilib. Vaşinqton Çini hələ də əsas strateji rəqib hesab edir və buna uyğun olaraq Hind–Sakit okean regionuna maliyyə və hərbi resurs ayırmalarını artırıb. Bu, ABŞ-ın regional təsirini möhkəmləndirmək, strateji tərəfdaşları ilə əlaqələri dərinləşdirmək və Pekinin artan nüfuzunu tarazlamaq məqsədini güdür. Doktrinanın bu istiqaməti həm iqtisadi, həm də hərbi sahədə ABŞ–Çin rəqabətinin daha da kəskinləşəcəyini göstərir.

Siyasi şərhçi bildirib ki, digər tərəfdən, “iqtisadi inteqrasiya” yanaşması ticarət, investisiya və texnologiya mübadiləsini ön plana çıxarır.

"Lakin bu inteqrasiya fonunda strateji rəqabət və təhlükəsizlik dilemması daha da kəskinləşir. ABŞ-ın 2025-ci il doktrinasında Hind–Sakit okean regionuna maliyyə və hərbi resursların artırılması bu gərginliyin göstəricisidir. Çin isə öz növbəsində regional təsirini genişləndirmək üçün müxtəlif siyasi və iqtisadi alətlərdən istifadə edir. Beləliklə, medianın təqdimatı çox vaxt ya təhlükəsizlik aspektini, ya da iqtisadi komponenti şişirdir. Halbuki ABŞ–Çin rəqabəti həm geosiyasi, həm də iqtisadi müstəvidə paralel şəkildə davam edir. Politoloq baxımından bu ikili çərçivə qismən anlaşılan olsa da, yetərli deyil. Daha balanslı yanaşma ABŞ–Çin münasibətlərini “qarşılıqlı asılı rəqabət” kimi təsvir etməlidir. Bu model həm qarşıdurma, həm də əməkdaşlıq elementlərini eyni anda nəzərə almağa imkan verir".

Rəfiqə Namazəliyeva,

AzNews.az