Məişət travmalarının uşaqlıqda tez-tez adi davranış kimi qəbul edilməsi və onların yetkinlik dövrünə təsirləri psixologiya və sosial elmlərin illərdir araşdırdığı mövzudur. Erkən yaşda qışqırıq, alçaldıcı ifadələr, sərt tənqid, emosiyanın inkarı və ya fiziki intizamın “tərbiyə üsulu” kimi təqdim olunması uzun müddət normal sayılıb. Halbuki son onilliklərdə aparılan beynəlxalq araşdırmalar göstərir ki, bu tip davranışlar uşağın beynində stres reaksiyalarının davamlı aktivləşməsinə gətirib çıxarır və sosial münasibətlərdən tutmuş emosional tənzimləməyə qədər geniş sahələrə təsir edir.
Müasir neyropsixoloji tədqiqatlar uşaqlıqda alınan kiçik zorakılıqların belə xroniki stres mexanizmini formalaşdırdığını təsdiqləyir. Harvard Center on the Developing Child bununla bağlı illərdir qeyd edir ki, daimi gərginlik uşağın neyron əlaqələrində dəyişiklik yarada bilir və bu dəyişikliklər böyüdükdə özünü özünə inamın zəifləməsi, impulsiv reaksiya, münasibətlərdə güvənsizlik və münaqişədən ya həddindən artıq yayınma ya da aqressiv davranış kimi göstərə bilir. Bu təsirlər təkcə fərdi emosional həyatla məhdudlaşmır, iş mühiti davranışlarına da sirayət edir. Məsələn, alçaldıcı üsluba həssaslıq, tənqidə qarşı həddindən artıq müdafiəçilik, qərar verməkdə tərəddüd və ya məsuliyyətdən qaçma uşaqlıqda formalaşdırılan nəzarətçi münasibətlərin yetkinlikdəki davamıdır.
Dünya Səhiyyə Təşkilatının müxtəlif ölkələr üzrə apardığı müşahidələr göstərir ki, erkən yaşda “xırda intizam üsulları” kimi qəbul edilən davranışlar yetkinlikdə riskli davranışlara meyli artırır. Bunun səbəbi sadədir. Uşaq psixologiyası avtoritar və ya cəzalandırıcı modeldə formalaşdıqda fərd emosional reaksiyasını sağlam şəkildə ifadə etməyi öyrənmir. Yetkinlikdə həmin insan stresi daxilə yönəltməyə və ya kəskin şəkildə xaricə vurmağa meyilli olur. Burada əsas diqqət tələb edən məqam odur ki, travmanın ölçüsü həmişə hadisənin böyüklüyü ilə deyil, uşağın onu necə qəbul etməsi ilə müəyyənləşir. Bu səbəbdən ailə içi daimi gərginlik, valideynlər arasında sərt ünsiyyət və ya kiçik görünen fiziki intizam üsulları belə beynin təhlükə siqnallarını yüksəldir.
Araşdırmalar göstərir ki, mənşəyi uşaqlıq dövrünə gedib çıxan bu travmaların təsirləri dəyişməz deyil. Yetkinlikdə şəxs psixoloji elastikliyin gücləndirilməsi, sağlam münasibət nümunələri, emosional özünü tənzimləmə bacarıqları və sosial dəstək şəbəkəsi vasitəsilə həmin təsirləri azalda bilir. Burada vacib olan cəmiyyətin bu mövzudakı baxışını yeniləməsidir. Bir çox ölkədə ailə daxili “yüngül tənbeh” kimi qəbul edilən davranışlar artıq uşağın psixoloji rifahına zərərli faktor kimi qiymətləndirilir. Bu yanaşma dəyişdikcə həm maariflənmə artır, həm də gələcək nəsillərin emosional sağlamlığı daha güclü şəkildə qorunur.
Məişət travmalarının təsirini qiymətləndirərkən sosial mühitin rolu da nəzərə alınmalıdır. Çünki uşaqlıqda normallaşdırılmış zorakılıq modeli cəmiyyətdə də təkrarlanan davranışlara çevrilə bilir. İctimai təzyiq, sərt kommunikasiya mədəniyyəti və emosional ifadənin zəif təşviqi bu mənzərəni möhkəmləndirir. Bu isə öz növbəsində psixoloji nəticələrin daha geniş kütlələrdə görünməsinə şərait yaradır. Elm göstərir ki, fərdi psixoloji zədələr sosial münasibətlərə də təsir edir və bunun miqyası nə qədər böyük olarsa, cəmiyyətin ümumi rifah göstəricilərinə bir o qədər təsir edir.
Bu baxımdan mövzu təkcə fərdi psixoloji proses kimi yox, həm də sosial sabitlik və insan kapitalının inkişafı prizmasından qiymətləndirilməlidir. Uşaqlıqda “adi” görünən davranışların uzunmüddətli nəticələri yetkin fərdin emosional sağlamlığı, iş məhsuldarlığı, münasibət keyfiyyəti və sosial uyğunlaşması üzərində müəyyənedici rol oynayır. Elm bunu göstərdiyi üçün preventiv addımların atılması, maarifləndirici təşəbbüslərin gücləndirilməsi və sağlam valideynlik modellərinin təşviqi cəmiyyətin gələcək rifahı baxımından strateji əhəmiyyət daşıyır.
Nuray,
Aznews.az