Asiya İnkişaf Bankı (ADB) Azərbaycan da daxil olmaqla dörd ölkəni əhatə edən "Asiya və Sakit Okean regionunda artımın və yeni istiqamətlərin stimullaşdırılması" regional layihəsi çərçivəsində texniki yardımın ayrılmasını təsdiqləyib.
Aznews.az xəbər verir ki, layihə bir neçə əsas sektora dəstək göstərməyə yönəlib.
Buraya kənd təsərrüfatı, təbii ehtiyatlar və kənd yerlərinin inkişafı (aqrar siyasət, institusional inkişaf, potensialın artırılması); energetika sektoru (elektrik enerjisinin ötürülməsi və paylanması, enerji səmərəliliyi, sektorun inkişafı və institusional islahatlar); informasiya-kommunikasiya texnologiyaları (İKT xidmətləri, rəqəmsal infrastruktur); su təchizatı və şəhər infrastrukturu (şəhər siyasəti, institusional inkişaf və potensialın inkişafı) daxildir.
Məlumata görə, 4 milyon ABŞ dolları məbləğində olan maliyyələşdirmə Ağıllı Enerji İnnovasiyaları Fondu ("Smart Energy Innovation Fund") vasitəsilə təmin ediləcək. ADB qeyd edir ki, klaster bir sıra inkişaf etməkdə olan üzv ölkələrdə - Azərbaycan, Monqolustan, Filippin və Tailandda energetika sistemlərinin transformasiyasına dəstək göstərməyə yönəlib və gələcəkdə Hindistan, Qazaxıstan, Kiribati, Qırğızıstan, Papua–Yeni Qvineya, Tacikistan və Tuvaluya genişlənə bilər.
ADB-nin məlumatına görə, texniki yardım klasteri innovativ komponentlərlə həllərin - ağıllı şəbəkələr, bərpa olunan enerjinin inteqrasiyası və sektorlararası təmiz enerji sistemlərin tətbiqinə imkan verəcək. Klaster üzv ölkələr arasında investisiya imkanlarını və zəruri siyasət tədbirlərini müəyyən etmək üçün texniki və analitik dəstək, həmçinin bilik mübadiləsi təmin edən iki alt layihədən ibarətdir.
Layihə sektorlararası və "ağıllı enerji həlləri"nin hazırlanması və tətbiqi vasitəsilə etibarlı, əlçatan və aşağı karbonlu enerjinin inkişafına töhfə verəcək.
Əsas tədbirlərə layihələrin (həm suveren, həm də qeyri-suveren) hazırlanması və biliklərin yayılması daxildir.
Texniki yardım innovativ və "təmiz enerji" generasiyası texnologiyalarına, ağıllı şəbəkələr və enerji idarəetmə sistemlərinə, enerji saxlama da daxil olmaqla şəbəkə inteqrasiyası infrastrukturuna, çoxsektorlu xidmətlərə - elektrik mobilliyi və "nəqliyyat-şəbəkə" inteqrasiyasına yönəldiləcək.
Eyni zamanda, özəl sektorun cəlb edilməsinə və iqlim dayanıqlılığının artırılmasına yönəlmiş innovativ biznes modelləri və maliyyələşdirmə mexanizmləri də öyrəniləcək.
Layihə çərçivəsində CPS qiymətləndirmələri, sənaye və texnologiya təhlilləri, özəl sektorun diaqnostikası, suveren və qeyri-suveren layihələrin ilkin texniki-iqtisadi qiymətləndirmələrinin hazırlanması, həmçinin texnoloji hazırlığın artırılması və bilik mübadiləsi üzrə tədbirlər planlaşdırılır.
Xatırladaq ki, Azərbaycan 1999-cu ildən ADB-nin üzvüdür və bu müddət ərzində bank ölkəyə 5,6 milyard ABŞ dollarına yaxın kredit ayırıb. Bunun 4,4 milyard dolları dövlət sektoruna, 1,2 milyard dolları özəl sektora yönəldilib. Eyni zamanda, bank Azərbaycanın nəqliyyat sektorunda həyata keçirilən layihələrə 1,5 milyard ABŞ dolları, enerji layihələrinə isə 1,7 milyard ABŞ dolları vəsait ayırıb.
Yeni tərəfdaşlıq strategiyasının bir hissəsi olaraq, ADB Azərbaycana 2,5 milyard ABŞ dollarına qədər investisiya qoymağa hazırdır.
ADB 1966-cı ildə təsis edilib. Onun baş qərargahı Filippinin paytaxtı Manilada yerləşir. Bankda 50-si Asiya-Sakit okean regionundan olmaqla 69 səhmdar ölkə təmsil olunur.