Qazaxıstan Azərbaycana taxıl tədarükünü 25 dəfə artırıb - ŞƏRH

26 Noyabr 2025 22:29 (UTC+04:00)

"Qazaxıstan Dəmir Yolları"nın məlumatına əsasən, Azərbaycana taxıl tədarükünün həcmi bir il ərzində 25 dəfə artaraq 600 min tona çatıb və bu dinamika Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu çərçivəsində regional əməkdaşlığın güclənməsi fonunda baş verib. Bakıda keçirilən görüşlərdə Orta Dəhlizin rəqabət qabiliyyətinin artırılması, multimodal həllərin genişləndirilməsi və infrastrukturun modernləşdirilməsi əsas müzakirə mövzuları olub, həmçinin gəmilərin və lokomotivlərin alınması kimi konkret texniki addımların gündəmə gətirilməsi tərəflərin praktiki inteqrasiya niyyətini göstərib.

Hazırkı artım təkcə ikitərəfli ticarətin genişlənməsi kimi deyil, həm də qlobal logistika şəbəkəsində baş verən dəyişikliklərin Orta Dəhlizə yönəltdiyi diqqətin nəticəsi kimi dəyərləndirilə bilər. Son illərdə Avrasiya quru marşrutlarında yük axınlarının yenidən bölüşdürülməsi, xüsusən Çin Avropa ticarətində risklərin diversifikasiyası istiqamətində artan tələbat, Transxəzər xəttini daha strateji mövqeyə gətirib. Qazaxıstanın taxıl ixracında bu qədər kəskin artım yalnız kənd təsərrüfatı istehsalının genişlənməsi ilə bağlı deyil, həm də nəqliyyat bağlarının daha stabil və proqnozlaşdırıla bilən hala gəlməsi ilə əlaqədardır. Xəzər üzərindən daşımaların ritminin artması, liman əməliyyatlarının optimallaşdırılması və dəmir yolu qovşaqlarında çevikliyin yüksəldilməsi nəticə etibarilə yükün Bakıya daha sürətli və daha böyük həcmdə yönəlməsinə şərait yaradıb.

MDB və Baltikyanı ölkələrin dəmir yolu rəhbərlərinin Bakıda bir araya gəlməsi marşrutun regional çərçivədən çıxaraq geniş Avrasiya məkanını əhatə edən koordinasiyaya ehtiyac duyduğunu təsdiqləyir. Avropa İttifaqında dəmir yolu yükdaşımalarında konteynerləşmə payının 60 faizdən çox olması fonunda TBNM-in multimodal potensialının artırılması bu marşrutun gələcək effektivliyi üçün zəruridir. Bu baxımdan konteyner daşımalarının genişləndirilməsi ilə bağlı müzakirələr sırf texniki deyil, həm də iqtisadi baxımdan vacibdir, çünki yüksələn konteyner payı daşımaların maya dəyərini azaldır və tranzit vaxtını stabilləşdirir.

Görüşlərdə Xəzər dənizi üçün yeni gəmilərin alınması məsələsinin gündəmə gətirilməsi dəhlizin ən mühüm zəif həlqələrindən birinin hədəfə götürüldüyünü göstərir. Qazaxıstan və Azərbaycanın limanları arasında daşıma intervalının azaldılması, daha çox yükgötürmə qabiliyyətli gəmilərin istismara verilməsi, bütövlükdə marşrutun ötürücülük gücünə təsir edən əsas amillərdəndir. ADY üçün lokomotivlərin Qazaxıstan zavodunda istehsalının müzakirə edilməsi isə region daxilində sənaye inteqrasiyasının dərinləşdiyini göstərir ki, bu da logistika sektorunda texnoloji sinxronluğun artmasına xidmət edir.

Orta Dəhlizin statusunun yüksəldilməsi ilə bağlı hökumətlərarası saziş müzakirələri marşrutun beynəlxalq hüquqi çərçivəsinin möhkəmləndirilməsi üçün vacib addımdır, çünki bu cür sənədlər investisiya axınını artırır, ölkələr arasında risk bölüşdürülməsini aydınlaşdırır və tranzit rejiminin vahid standartlara uyğunlaşdırılmasını təmin edir. Qlobal miqyasda logistika sektoru sürətlə rəqəmsallaşdığı bir dövrdə TBNM-in rəqəmsal idarəetmə platformalarının genişləndirilməsi ilə bağlı müzakirələr regional tranzit mühitinin daha şəffaf və operativ hala gəlməsinə imkan yarada bilər.

Nuray,

Aznews.az