“Bu cəmiyyət inkişaf etdikcə cinayətkar da cəmiyyətin bir parçası olduğu üçün o da dəyişir. Yəni, cinayətkarlar da yeni formalar, yeni modellər yaradır. Məsələn, narkotiklərin dövriyyəsi ilə bağlı məsələlərdə olduğu kimi, burada da müxtəlif investisiya layihələri adı altında digər sxemlər ortaya çıxır. Buna qədər onların ən geniş yayılmış fəaliyyəti şəbəkə biznesi adlanan sxemlər idi. Əsasən də həmin şəbəkə biznesi. İndi isə fəaliyyətlərini köçürüblər və tam elektronlaşdırıblar. Məsələ ondan ibarətdir ki, belə hallarda haraya müraciət olunmalıdır? Mütləq şəkildə hüquq-mühafizə orqanlarına müraciət edilməlidir. Çünki bank yalnız onu deyə bilər ki, “Sizin karta bizim tərəfdən müdaxilə olmayıb”. Kart nömrəsi bir yana, kartlarda 3D mühafizə sistemi var, əlavə təhlükəsizlik mexanizmləri var”.
Bu fikirləri Aznews.az-a açıqlamasında hüquqşünas Mehman Muradlı deyib.
Xatırladaq ki, son illər Azərbaycanda gənclərə qarşı edilən onlayn fırıldaqçılıq və dələduzluq halları xeyli artıb. Xüsusilə sosial şəbəkələrdə “investisiya”, “kripto qazancı”, “sürətli gəlir”, “lotereya uduşu”, yaxud məşhur insanların adından açılmış saxta profillər minlərlə gənci aldadır. Eyni zamanda kart məlumatlarının ələ keçirilməsi, “phishing” linkləri, “bankdan zəng” adı ilə pulun çıxarılması və “online alış-veriş” zamanı baş verən saxtakarlıqlar da ciddi problem kimi qalır. Bu hallar təkcə maliyyə itkilərinə səbəb olmur, həm də gənclərdə psixoloji təzyiq, şəxsi məlumatların sızması və hüquqi baxımdan qorumasız qalma kimi risklər yaradır.
Hüquqşünas qeyd edib ki, banklar yalnız mühafizəni təmin etmək öhdəliyini yerinə yetirmədikləri halda məsuliyyətə cəlb oluna bilərlər.
"Yəni, müqavilədə bu öhdəlik varsa və banka məxsus mühafizə təmin olunmayıbsa, o zaman məsuliyyət bankın üzərinə düşür. Amma əgər mən özüm kart nömrəmi, CVC kodumu, kartın etibarlılıq tarixini və digər mühafizə məlumatlarını qarşı tərəfə təqdim edirəmsə, bu halda bank heç bir məsuliyyət daşımır. O baxımdan hesab olunur ki, belə hallarda birbaşa hüquq-mühafizə orqanlarına – polisə müraciət etmək daha məqsədəuyğundur. Çünki məsələnin operativ araşdırılması yalnız bununla mümkün olur".
Rəfiqə Namazəliyeva,
AzNews.az