İndoneziyanın Şimali Sumatra əyalətində ötən həftəsonundan etibarən şiddətli yağışlar davam edir.
Güclü yağışların səbəb olduğu sel və torpaq sürüşmələri nəticəsində itkilər artmaqdadır.
Şimali Sumatra Vilayət Polis İdarəsinin sözçüsü Ferry Ualintukan bildirib ki, Cənubi Tapanuli bölgəsində 17, Sibolqa şəhərində 8, Orta Tapanulidə 4, Pakpak Bharat bölgəsində 2, Humbang Hasundutanda 2, Nias adasında isə 1 nəfər həyatını itirib. Beləliklə ümumi ölənlərin sayı 34 nəfər olub.
Şimali Sumatra ilə yanaşı Qərbi Sumatra və Aceh əyalətlərində də güclü yağışlar qeydə alınıb. Rayon rəhbəri Halili Yoqa çərşənbə günü Mərkəzi Acehdə 3 kənddə baş verən torpaq sürüşmələri nəticəsində 9 nəfərin meyitinin tapıldığını açıqlayıb.
Aceh Fövqəladə Hallar İdarəsi isə əyalətdəki daşqınlar səbəbindən təxminən 47 min nəfərin evlərini tərk etdiyini, 1 500-ə yaxın şəxsin isə müvəqqəti sığınacaqlara yerləşdirildiyini bildirib.
Qərbi Sumatrada isə xilasedicilər Padanq şəhərinin Lumin Park yaşayış məntəqəsində sel nəticəsində boğulan 6 nəfərin cəsədini tapıblar.
Padanq Pariaman bölgəsində 3 300-dən çox ev sel suları altında qalıb.
Mövsüm,
AzNews.az