““3+3” formatı Azərbaycanın regional liderliyini möhkəmləndirir” - Elçin Mirzəbəyli

27 Noyabr 2025 16:21 (UTC+04:00)

“Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın “3+3” formatının növbəti iclasının Bakıda və ya İrəvanda keçirilməsi ilə bağlı açıqlaması Cənubi Qafqazda yaranmış yeni geosiyasi düzənin konturlarını daha da aydınlaşdırır. Bu açıqlamanın fonunda iki mühüm məqam xüsusi diqqət tələb edir: Birincisi, “3+3” təşəbbüsünün ilk olaraq Azərbaycan və Türkiyə tərəfindən irəli sürülməsi, ikincisi isə Rusiya rəsmilərinin bu formatı aktiv şəkildə gündəmdə saxlamağa çalışmasını diqqətə almaq lazımdır. Bu səbəbdən ortalığa mühüm bir sual çıxır: Moskvanın prosesə bu qədər maraq göstərməsi Qərbin regiondakı rolunun zəifləməsi deməkdirmi və yaranan yeni balans Azərbaycanın manevr imkanlarına necə təsir edir? Əvvəla qeyd etmək lazımdır ki, “3+3” formatının mahiyyəti heç də yalnız Rusiyanın maraqlarına xidmət etmir. Bu platforma 2020-ci il müharibəsindən dərhal sonra Azərbaycan və Türkiyə tərəfindən gündəmə gətirilib. Məqsəd isə Cənubi Qafqazda xarici təsirlərin azaldılması və region dövlətlərinin birbaşa dialoq aparmasına şərait yaratmaqdan ibarət olub. Azərbaycan bu təşəbbüsü irəli sürməklə yeni regional arxitekturanın memarı kimi çıxış edib və artıq üç görüşün keçirilməsi Bakının diplomatik fəallığının göstəricisidir. Yəni bu platforma yalnız Rusiyanın siyasi təsir aləti deyil, daha çox Azərbaycanın regiondakı əsas aktor olduğunu bir daha nümayiş etdirən mexanizmdir”.

Bu fikirləri Aznews.az-a açıqlamasında Milli Məclisin deputatı Elçin Mirzəbəyli deyib.

Xatırladaq ki, Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova növbəti dəfə “3+3” formatı barədə açıqlama verib. XİN rəsmisi bildirib ki, format çərçivəsində nazirlərin növbəti görüşü Bakıda və ya İrəvanda keçirilməlidir: “Ümid edirik ki, həm azərbaycanlı, həm də erməni tərəfdaşlarımız paket razılaşması əsasında nazirlərin görüşünün qaydasını tez bir zamanda müəyyən edə biləcəklər. Bu razılaşma tədbiri bu il kimin, gələn il isə kimin qəbul edəcəyini müəyyənləşdirəcək.” Onun sözlərinə görə, “3+3” formatı Azərbaycanı, Ermənistanı, Gürcüstanı, Rusiyanı, İranı və Türkiyəni əhatə edir: “Formatın yaradılması prosesi davam edir və artıq üç görüş keçirilib. İş ‘regional problemlərin regional həlli’ prinsipi əsasında aparılır. Əsas diqqət iştirakçı ölkələrin iqtisadiyyat, energetika, nəqliyyat və mədəniyyət sahələrində ardıcıl və harmonik inkişafına yönəlib. Həmçinin ixrac icması vasitəsilə əlaqələr qurulur.” Zaxarova vurğulayıb ki, Gürcüstan da daxil olmaqla regiondakı bütün ölkələrin iştirakı Cənubi Qafqazda sabitliyin və rifahın möhkəmləndirilməsinə mühüm töhfə verəcək.

Deputat qeyd edib ki, digər tərəfdən, Qərbin bölgədəki rolu son illərdə müəyyən qədər zəifləsə də, onun tamamilə arxa plana keçdiyini demək doğru olmazdı.

"ABŞ-ın Azərbaycanla Ermənistan arasındakı sülh prosesinə, eləcə də Zəngindir dəhlizinin reallaşmasına siyasi dəstəyi, Avropa İttifaqının Azərbaycanla enerji təhlükəsizliyi sahəsində əməkdaşlığı genişləndirməsi Qərbin regionda Azərbaycana münasibətdə tərəfdaş kimi mövcudluğunu qoruyub saxlayır. Lakin fakt ondan ibarətdir ki, Qərb bu regiona əsasən siyasi-ideoloji yanaşma ilə daxil olur və regiondaxili real mexanizmlərdə iştirak etmir. “3+3” isə məhz bu boşluğu dolduran platformaya çevrilə və Qərbi prosesdəndən indikindən daha çox kənarda saxlayan praktiki regional koordinasiya modelini formalaşdıra bilər. Bu baxımdan, Moskvanın “3+3”ü təşviq etməsi Qərbin rolunun azalmasından daha çox, region dövlətlərinin öz təşəbbüslərini gücləndirməsi ilə bağlıdır. Burada əsas qazanan tərəflərdən biri isə məhz Azərbaycandır. Çünki Bakı postmüharibə dövrünün formalaşdırdığı yeni reallıqda həm siyasi, həm hərbi, həm də diplomatik baxımdan öz mövqeyini əhəmiyyətli dərəcədə gücləndirib və artıq proseslərin passiv iştirakçısı kimi yox, fəal istiqamətləndiricisi kimi çıxış edir. “3+3” formatı Azərbaycanın manevr imkanlarını bir neçə istiqamətdə genişləndirir. İlk növbədə, Türkiyənin bu platformada iştirak etməsi Azərbaycan üçün güclü strateji təminat yaradır və Rusiyanın mümkün təsir risklərini balanslaşdırır. Bu, Bakının həm regional məsələlərdə, həm də Ermənistanla sülh gündəmində daha sərbəst davranmasına şərait yaradır. İkincisi, Azərbaycan Rusiya və İranla eyni masada oturmaqla bu iki ölkə ilə münasibətlərini gərginlikdən uzaq, praqmatik və idarəolunan çərçivədə saxlayır. Bu isə Zəngəzur dəhlizi də daxil olmaqla bütün nəqliyyat və enerji layihələrinin reallaşdırılması üçün daha əlverişli mühit yaradır. Digər mühüm məqam Ermənistanın bu formatda davranışıdır. İrəvan bir tərəfdən Qərbə inteqrasiyanı prioritet elan edir, digər tərəfdən isə regiondakı reallıqlardan kənarda qala bilmədiyi üçün “3+3” formatında iştirak edir. Ermənistanın bu ikili siyasəti prosesləri müəyyən qədər ləngidə bilər, lakin Azərbaycanın artan gücü fonunda İrəvanın prosesləri bloklama imkanı demək olar ki, yoxdur. Bu gün regionda prosesləri müəyyən edən yeganə real faktor güc balansıdır və bu balansın əsas mərkəzində Azərbaycan dayanır. Gürcüstanın formatda iştirak etməməsi, şübhəsiz ki, müəyyən boşluqlar yaradır, lakin bu, platformanın bütövlükdə effektivliyini məhdudlaşdırmır. Əksinə, Gürcüstanın istənilən mərhələdə prosesə qoşulması Bakı üçün əlavə diplomatik dividendlər yarada bilər. Nəticə olaraq demək olar ki, “3+3” formatı Azərbaycanın irəli sürdüyü və regionda yeni əməkdaşlıq modelini formalaşdıran ən mühüm təşəbbüslərdən biridir. Rusiya rəsmilərinin bu platformanı fəal şəkildə müdafiə etməsi Qərbin rolunun azalması kimi görünə bilər, lakin daha dərindən yanaşdıqda bunun Azərbaycanın diplomatik imkanlarını artıran, Bakının regional liderlik statusunu möhkəmləndirən və proseslərin idarə edilməsində ona əlavə üstünlüklər verən mexanizm olduğu aydın görünür. Azərbaycan bu formatdan həm öz təhlükəsizlik arxitekturasını gücləndirmək, həm də iqtisadi və nəqliyyat layihələrində yeni mərhələyə keçmək üçün bacarıqla istifadə edir. Beləliklə, deyə bilərik ki, “3+3” bölgədə yalnız güc balansını dəyişmir, həm də Azərbaycanın strateji çəkisini artıran mühüm siyasi platformaya çevrilir".

Rəfiqə Namazəliyeva,

AzNews.az