“Məlumdur ki, vəkillər ədalət mühakiməsinin həyata keçirilməsində bilavasitə iştirak edirlər. Güclü və nüfuzlu vəkillik institutu olmadan heç bir ölkədə ədalət mühakiməsinin yüksək standartlarına nail olmaq mümkün deyil”.
Aznews.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.
Onun sözlərinə görə, bu baxımdan, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının və Azərbaycan Respublikasının Ali Məhkəməsinin sədri İnam Kərimov tərəfindən irəli sürülən “Femida Dialoq Platforması” təşəbbüsü vəkillik institutu üçün mühüm əhəmiyyət daşıyır.
“Görüşdə vəkillərimiz fəal iştirak edərək mövcud problemləri açıq şəkildə səsləndirdilər. Eyni zamanda, vəkillərin öz fəaliyyətlərində rast gəlinən tipik pozuntular da sivil və konstruktiv müzakirə olundu. Həmkarlarımızın görüşdən əvvəl göndərdikləri məsələlərin bir qismi tərəfimdən səsləndirildi, digərləri isə aidiyyəti üzrə Ali Məhkəməyə təqdim ediləcək. Görüşdə iştirak edən bütün həmkarlarıma təşəkkür edirəm. Təşəbbüsün həyata keçirilməsinə görə isə başda hörmətli sədr İnam Kərimov olmaqla, Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının aparatına minnətdarlığımı bildirirəm”, - deyə sədr bildirib.
Aznews.az