“Artıq 2022-ci ilin noyabrından sonra Ermənistan KTMT-nin toplantılarına qatılmır və faktiki olaraq təşkilatdan çıxmayıb, amma eyni zamanda təşkilatın daxilində də iştirak etmir. Ermənistan bunu özünün “şaxələndirilmiş siyasəti” ilə izah etməyə çalışır. Əlbəttə ki, bu, Ermənistan hakimiyyəti tərəfindən başa düşülən addımdır. Çünki Paşinyan Qərbə yönəlmiş siyasət həyata keçirir və ölkənin gələcəyini Qərblə münasibətlərdə görür, Rusiyanın təhlükəsizlik çətirindən uzaqlaşmağa çalışır”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Oqtay Qasımov deyib.
Xatırladaq ki, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə münasibətlərində yaranmış qeyri-müəyyənlik ölkənin təhlükəsizlik arxitekturasını yeniləməklə bağlı daha geniş geosiyasi xəttin tərkib hissəsinə çevrilib. Xarici işlər nazirinin müavini Mnatsakayn Safaryanın açıqlaması da məhz bu strategiyanın konturlarını təsdiqləyir: “Ermənistanın KTMT-dən çıxması məsələsi müzakirə edilmir”. Onun sözlərinə görə, Ermənistanın KTMT-də iştirak formatı artıq müəyyənləşdirilib: “Ermənistan iştirak etmir, lakin qərar və sənədlərin qəbul edilməsinə də mane olmur. Bu mərhələdə siyasətimiz belədir. Ermənistan xarici siyasətini öz maraqlarından və yaranmış vəziyyətə uyğun şəkildə aparır. Həm şaxələndirmə, həm də balanslaşdırma siyasəti elan edilib. Ermənistan qərar qəbul edir və əlavə məlumat olarsa, bunu ictimaiyyətə təqdim edəcəyik”.
Siyasi şərhçi qeyd edib ki, eyni zamanda bu qeyri-müəyyən formul Ermənistanın Rusiya–Ukrayna müharibəsinin nəticələrini gözləməsinə hesablanıb.
"Paşinyan bunu bir neçə ay əvvəl açıq şəkildə bəyan etmişdi. Əgər Ermənistan görsə ki, Rusiya Ukraynada öz hədəflərinə çatır və bunun fonunda post-sovet məkanında təsir imkanları artır, o zaman KTMT-də iştirakla bağlı qərar dəyişə bilər və İrəvan yenidən təşkilata qayıda bilər. Əks halda, fərqli ssenari formalaşarsa, Ermənistan hazırkı siyasətini davam etdirməyə çalışacaq. Bu qeyri-müəyyən formul da məhz buna hesablanıb: bir tərəfdən Ermənistan Rusiyanın yaratdığı formata qoşulmur və ondan kənarda olduğunu nümayiş etdirir, digər tərəfdən isə təşkilatdan tam çıxmamaqla Moskva ilə bütün körpüləri qırmaq istəmir və gələcəkdə manevr imkanı üçün özünə yer saxlayır".
Rəfiqə Namazəliyeva,
AzNews.az