“Tehranın yeni kursu Qərblə dialoqa hesablanıb” - Azad Məsiyev

27 Noyabr 2025 18:19 (UTC+04:00)

“İran beynəlxalq sanksiyalara məruz qalan bir dövlətdir. Başda ABŞ olmaqla qərb ölkələri uzun müddət İranı sanksiyaya məruz qoyub və bu, iqtisadi baxımdan ölkəyə ciddi zərər vurub. İranın yeni prezidenti xarici siyasətdə konsolidasiya olunmuş mövqe tutur. O çalışır ki, Avropa ilə münasibətləri bərpa etsin və sanksiyalardan yaxa qurtarsın. Bu baxımdan Avropa dövlətləri ilə müntəzəm dialoqu tərəfdarıdır və hətta prezident seçkiləri dövründə açıq şəkildə bəyan etmişdi ki, İran dialoqa gedəcək və problemləri danışıq yolu ilə həll etməyə çalışacaq”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib.

Qeyd edək ki, İranın Xarici İşlər Naziri Abbas Əraqçi fransalı həmkarı Jan-Noel Barro ilə görüş keçirib. Görüş zamanı nüvə proqramı, Beynəlxalq Atom Enerjisi Agentliyi (IAEA) ilə əməkdaşlıq və regional təhlükəsizlik məsələləri müzakirə olunub. Həmçinin ikitərəfli əlaqələrin inkişafı və Fransada saxlanılan İranlı vətəndaşların vəziyyəti də gündəmə gətirilib. Tərəflər diplomatik kanalların gücləndirilməsinin vacibliyini vurğulayıblar.

Siyasi şərhçi qeyd edib ki, İranın xarici siyasətində yeni bir dinamika yaranıb.

"Məqsəd Avropa dövlətləri ilə münasibət qurmaq və sanksiyalardan çıxış yolunu təmin etməkdir. Məsələn, Fransa Avropa Birliyində söz sahibidir və beynəlxalq siyasətdə mühüm rol oynayır. İranın xarici siyasətində təkcə Fransa ilə deyil, ümumilikdə Avropa ilə əməkdaşlıq maraqlıdır. Hətta İran rəsmiləri ABŞ-la da dialoqun aparılmasında maraqlıdır. Məqsəd ölkəni sanksiyalardan qurtarmaq və nüvə proqramını inkişaf etdirmək üçün real addımlar atmaqdır. Belə danışıqlar dünya inteqrasiyasına töhfə verir və reallıqları qəbul edərək onlara uyğun davranmaq məqsədi daşıyır. Başlıca məqsəd qərblə dialoqu gücləndirmək, İranı sanksiyalardan xilas etmək və nüvə enerjisi sahəsində irəliləyiş əldə etməkdir. Ümumilikdə İranın indiki siyasi hakimiyyəti təkcə Avropa və ABŞ-la deyil, həmçinin Azərbaycanla da konsolidasiya olunmuş münasibət yürüdür. Əgər bu siyasət davamlı olarsa, dünyadan təcrid olunmuş İran yeni dialoq vasitəsilə öz yerini beynəlxalq aləmdə möhkəmləndirə bilər".

Rəfiqə Namazəliyeva,

AzNews.az