ABŞ əfqan miqrasiyasını dayandırır

27 Noyabr 2025 11:57 (UTC+04:00)

ABŞ-nin paytaxtı Vaşinqton D.C-də Ağ Ev yaxınlığında xidmətdə olan 2 Milli Qvardiya əməkdaşına qarşı törədilən silahlı hücumun əks-sədaları davam edərkən, ABŞ hökumətindən diqqətçəkən bir addım atılıb.

Hücum şübhəlisinin Əfqanıstan vətəndaşı olduğunun müəyyənləşdirilməsindən sonra ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidməti (USCIS) hərəkətə keçərək, Əfqanıstan vətəndaşlarına aid bütün immiqrasiya müraciətlərinin dayandırıldığını açıqlayıb.

BÜTÜN PROSESLƏR DAYANDIRILDI

Qurumun yaydığı açıqlamada bildirilib ki, Əfqanıstan vətəndaşları ilə bağlı bütün immiqrasiya müraciətlərinin icrasından tutmuş təhlükəsizlik və yoxlama protokollarının daha ətraflı araşdırılmasına qədər bütün prosedurlar “dərhal qüvvəyə minmək şərti ilə” dayandırılıb.

USCIS-in yeganə prioritetinin və əsas missiyasının ABŞ xalqının təhlükəsizliyinin təmin edilməsi və qorunması olduğu vurğulanıb.

TRAMP: BU, TERROR AKTIDIR

İki Milli Qvardiya hərbçisinin hədəf alındığı hücumu “iğrənc bir hücum” və “nifrət dolu bir əməl” kimi qiymətləndirən Donald Tramp, hadisəni “terror aktı” kimi dəyərləndirdiklərini bildirib.

Tramp həmçinin hadisə ilə bağlı saxlanılan şübhəlinin 2021-ci ilin sentyabr ayında Əfqanıstandan ABŞ-yə köçən bir miqrant olduğunu qeyd edərək, keçmiş ABŞ prezidenti Co Bayden administrasiyasının miqrasiya siyasətinin ölkəyə ciddi zərər vurduğunu iddia edib.

Mövsüm,

Aznews.az