Əhməd İsmayılov Özbəkistan nümayəndələri ilə görüşdü - ÖNƏMLİ MÜZAKİRƏ

27 Noyabr 2025 18:43 (UTC+04:00)

Bu gün Türk Dövlətləri Təşkilatının media və informasiya üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 7-ci toplantısı çərçivəsində Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov ilə Özbəkistan Respublikası Prezidentinin Administrasiyası yanında Kütləvi İnformasiya Vasitələri üçün Məzmunun İstehsalı Mərkəzinin direktoru Kobuljon Axmedov arasında görüş keçirilib.

Görüşdə Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Azərbaycan və Özbəkistan arasında media sahəsində əməkdaşlığın TDT çərçivəsində yeni, daha strateji mərhələyə qədəm qoyduğunu bildirib. O vurğulayıb ki, iki ölkə arasında informasiya mübadiləsinin genişləndirilməsi, media qurumları arasında tərəfdaşlığın möhkəmləndirilməsi və qarşılıqlı layihələrin həyata keçirilməsi bu əməkdaşlığın davamlı inkişafına əsas yaradır. Xüsusilə “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında media sahəsində əməkdaşlığın inkişafı üzrə Yol Xəritəsi”nin icrasının qarşılıqlı fəaliyyəti daha sistemli, planlı və institusional bir müstəviyə daşıdığı diqqətə çatdırılıb.

Özbəkistan Respublikası Prezidentinin Administrasiyası yanında Kütləvi İnformasiya Vasitələri üçün Məzmunun İstehsalı Mərkəzinin direktoru Kobuljon Axmedov isə media sahəsində əməkdaşlığın iki ölkə arasında strateji tərəfdaşlığın ayrılmaz hissəsi olduğunu qeyd edib. O bildirib ki, Azərbaycan və Özbəkistan media qurumları arasında əlaqələrin genişləndirilməsi, birgə layihələrin təşkili və peşəkar kadr hazırlığı sahəsində əməkdaşlığın gücləndirilməsi iki ölkə arasında bu sahədə tərəfdaşlığın daha da dərinləşməsinə mühüm töhfə verəcək.

Görüş zamanı gələcək əməkdaşlıq istiqamətləri və birgə layihələr ətrafında geniş fikir mübadiləsi aparılıb.

AzNews.az