“Ukrayna prezidenti Volodimir Zelenski hər zaman bu cür danışıqlara və müzakirələrə açıq olduğunu bildirib. O, heç vaxt görüşlərdən qaçmayıb, ən çətin məsələləri belə müzakirə etməyə hazır olduğunu deyib və bunu praktiki addımları ilə də sübut edib. Həmişə bu cür müzakirələrdən yayınan tərəf isə işğalçı Rusiya olub. İndi də Donald Trampın irəli sürdüyü təkliflərlə bağlı müzakirə məsələsində Zelenski geri addım atmadı və dialoqa açıq olduğunu bildirdi. O, sadəcə vurğuladı ki, Ukraynanı kapitulyasiyaya sürükləyəcək şərtləri qəbul etməyəcəklər və bu, tamamilə haqlı mövqedir. Niyə Ukrayna öz torpağından, dövlətinin ərazilərindən imtina etməlidir? Əlbəttə ki, belə bir sənədə imza atan hər bir prezident xalq tərəfindən sərt şəkildə qarşılanacaq və bu addım tarixə xəyanət kimi düşəcək”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenskiyin ABŞ-ın irəli sürdüyü yeni sülh təşəbbüslərinin müzakirəsinə razılıq verməsi, Rusiya-Ukrayna müharibəsi kontekstində diplomatik fəallığın artmasına səbəb olub və beynəlxalq aləmdə dialoq imkanlarını genişləndirib.
Siyasi şərhçi bildirib ki, Zelenski belə bir xəyanətə imza atacaq lider deyil.
"Müzakirələr, əlbəttə, olacaq. Gördüyümüz kimi, Avropada da, Amerikada da, ümumilikdə regionda bu istiqamətdə danışıqlar, görüşlər və fikir mübadiləsi intensivləşib. Rusiyanın Ukraynanı işğal etməsi yenidən beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib. Ən diqqətçəkən məqam isə budur ki, Avropa liderləri bu məsələdə daha da aktivləşiblər və açıq şəkildə bildirirlər ki, Ukraynanın ərazi bütövlüyü müzakirə mövzusu ola bilməz və olmamalıdır. Bu baxımdan, əgər Qərb diplomatiyasının təsirindən danışırıqsa, onların öz prinsipial mövqelərini nümayiş etdirməsi üçün real imkan yaranıb. ABŞ Prezidenti Donald Tramp Rusiyanın maraqlarına uyğun olan təkliflərlə gündəmə gəlib. Təbii ki, bunu heç kim alqışlamır. Ukraynaya birbaşa aidiyyəti olmasa da biz, eləcə də Avropa liderləri bu yanaşmanı qəbul etmədilər və öz alternativ təkliflərini irəli sürdülər. Bu təkliflərdə isə Ukraynanın ərazi bütövlüyü, NATO üzvlüyü və gələcəkdə Avropa İttifaqına üzvlük perspektivləri, yəni bütün strateji məsələlər açıq saxlanılır. Ukraynaya istənilən zaman bu istiqamətlərdə irəliləmək imkanı tanınır. Demək istədiyim odur ki, Avropa bu mərhələdə öz mövqeyini qoruya biləcəkmi, bunu yaxın günlərdə görəcəyik. Hazırda Avropa rəsmilərinin açıqlamalarından görünür ki, onlar Ukraynanın ərazi bütövlüyü məsələsində prinsipial mövqe sərgiləyirlər. Hətta açıq şəkildə bəyan edirlər ki, əgər güzəştə getməli tərəf varsa, bu, yalnız Rusiyadır. Ukraynanın güzəştə gedəcək heç bir şeyi yoxdur, çünki onun torpaqları işğal altındadır, ölkənin böyük bir hissəsi dağıdılıb, yüz minlərlə insan həlak olub, uşaqlar qaçırılıb. Bütün bunlara görə məsuliyyət daşıyan isə Rusiyadır. Bu səbəbdən geri addım atmalı olan tərəf Rusiyadır. Avropa liderləri və siyasi xadimləri də məhz bu mövqedən çıxış edirlər. Mən də düşünürəm ki, bu, tamamilə doğru və ədalətli mövqedir və Ukrayna xalqı da bundan başqa heç bir yanaşmanı qəbul etməyəcək".
Rəfiqə Namazəliyeva,
AzNews.az