Bakıda TDT-nin media və informasiya üzrə məsul nazirlərinin 7-ci toplantısı keçirilib, Kommunike qəbul edilib

28 Noyabr 2025 12:02 (UTC+04:00)

Bakıda Türk Dövlətləri Təşkilatının media və informasiya üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 7-ci toplantısı keçirilib.

Aznews.az xəbər verir ki, toplantıda Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibinin müavini Ömer Kocaman, Qazaxıstan Respublikası mədəniyyət və informasiya nazirinin müavini Kanat İskakov, Qırğız Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Maksat Mamıtkanov, Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbərinin müavini Ferhat Pirinççi, Özbəkistan Respublikası Prezidentinin Administrasiyası yanında Kütləvi İnformasiya Vasitələri üçün Məzmunun İstehsalı Mərkəzinin direktoru Kobuljon Axmedov, həmçinin Təşkilatın müşahidəçi üzvü Şimali Kipr Türk Respublikasının xarici işlər naziri Tahsin Ertuğruloğlu çıxış edib.

Əhməd İsmayılov çıxışı zamanı informasiya mübadiləsinin genişləndirilməsi, saxta xəbərlər və hibrid təhdidlərə qarşı birgə mübarizənin bu əməkdaşlığın əsas hədəflərindən olduğunu vurğulayıb.

Türk Dövlətləri Təşkilatının Baş katibinin müavini Ömer Kocaman bildirib ki, Təşkilat 55-dən çox sahədə layihələr icra edir və artıq regional aktora çevrilib.

Qırğız Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Maksat Mamıtkanov çıxışında media sahəsində vahid sistemin yaradılmasının informasiya sahəsindəki təhdidlərdən qorunmanın əsas yollarından biri olduğunu qeyd edib.

Qazaxıstan Respublikasının mədəniyyət və informasiya nazirinin müavini Kanat İskakov isə çıxışında TDT-yə üzv dövlətlərin televiziyalarının bir-birinin ərazisində yayımlanması təklifini irəli sürüb.

Sonda Türk Dövlətləri Təşkilatının Media və İnformasiya məsələləri üzrə məsul nazirlər və yüksək vəzifəli rəsmilərin 7-ci iclasının, həmçinin Təşkilatın Media və İnformasiya üzrə İşçi Qrupunun 12-ci toplantısının yekunları üzrə Kommunike qəbul edilib.

Eyni zamanda, Türk Dövlətləri Təşkilatının media və informasiya üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 8-ci toplantısı, eləcə də Media və İnformasiya üzrə İşçi Qrupunun 13-cü iclasının Qazaxıstanda keçiriləcəyi açıqlanıb.

AzNews.az