Azərbaycanla Ermənistan arasında xalq diplomatiyası hər zaman ziddiyyətli bir hadisə olub – bəzən artıq dəyərləndirilib, bəzən isə əksinə, lazımınca qiymətləndirilməyib. Bu proses dövlət təşəbbüsü kimi deyil, cəmiyyətin öz daxili reaksiyası kimi formalaşıb. İnsanlar qapalı sərhədlər, qarşılıqlı nifrət və “növbəti müharibə nə vaxt olacaq?” psixozu ilə yaşamağın mümkünsüzlüyünü dərk etdikcə, dialoq axtarışı ictimai zərurətə çevrilib. Problem ondadır ki, bu diplomatiya onilliklər boyu real sülhün mövcud olmadığı, qarşılıqlı etimadsızlıq, siyasi oyunlar və xarici müdaxilələr şəraitində inkişaf edib. Odur ki, onun potensialını və zəif cəhətlərini kompleks şəkildə qiymətləndirmək vacibdir.
Xalq diplomatiyasının əsas rolu – psixoloji baryerlərin dağıdılmasıdır.
2000-ci illərin əvvəllərində rəsmi danışıqlar mənasız görünürdü. Elə həmin vaxt məhz jurnalistlər, ekspertlər, hüquq müdafiəçiləri və mədəniyyət nümayəndələri arasında qurulan qeyri-rəsmi təmaslar uzun illərdir formalaşmış düşmən obrazının monopoliyasını sarsıtdı. İnsanlar başa düşməyə başladılar ki, “qarşı tərəf” təbliğatın yaratdığı düşmən deyil, real insanlardır. Bu, postmünaqişə bölgələrinin əksəriyyətində sülhün uzunömürlü olması üçün həlledici faktordur.
Məsələn, Bosniya və Herseqovinada Dayton razılaşmalarından sonra formal danışıqlar və beynəlxalq təminatlar təkbaşına nəticə vermədi. Balkanlarda bu təcrübə çox işlənib: gənclər arasında görüşlər, universitet mübadilələri, mədəni layihələr və birgə biznes təşəbbüsləri ölkələrin irəliləməsi üçün sosial baza formalaşdırdı. Ruandada soyqırımdan sonra yerli icmalar hutularla tutsilər arasında barışıq proqramlarını özləri başladılar. Rəsmi olaraq müharibə bitmişdi, amma məhz xalq təşəbbüsləri nifrətin səviyyəsini azaltdı. Cənubi Afrikada aparteid rejiminin ləğvindən sonra Həqiqət və Barışıq Komissiyası sənədlərə deyil, insanların açıq etiraflarına və travmanın qəbuluna əsaslanırdı. Bütün bu nümunələr göstərir ki, cəmiyyətin iştirakı olmadan sülh yalnız kağız üzərində qalır.
Bu proses, xüsusilə 2020 və 2023-cü illər hadisələrindən sonra, yeni müharibə riskini azaltmaq baxımından mühüm rol oynayır. Azərbaycan üçün sülh artıq sadəcə siyasi şüar deyil, regional quruculuğun real elementi olub. Bakı nəqliyyat dəhlizləri, enerji şəbəkələri, logistika marşrutları yaradır və bu layihələrdə sabitlik iqtisadi marağa çevrilib. Ermənistan isə xarici asılılığın artdığı bir vəziyyətdə kommunikasiya xətlərinin açılmasını və münasibətlərin normallaşmasını iqtisadi-sosial dayanıqlıq üçün azsaylı çıxış yollarından biri kimi görür. Belə şəraitdə xalq diplomatiyası dövlət diplomatiyasının sərt və ləng mexanizmlərini yumşaldan sosial körpü rolunu oynaya bilər.
Paşinyanın bəyanatı: regionda ritorikanın dəyişməsi və yeni reallığın başlanğıcı
Noyabrın 27-də Ermənistanın baş naziri Nikol Paşinyan ermənilər və azərbaycanlılar arasında dialoqun əsas məqsədinin “ritorikanın dəyişdirilməsi” olduğunu bəyan edəndə, bu sözlər növbəti diplomatik şablon kimi deyil, münaqişədən sonrakı dövrdə bölgədə baş verən dərin transformasiyanın etirafı kimi səsləndi. Paşinyanın bu çıxışı yeni siyasi reallığın göstəricisinə çevrildi: münaqişə hüquqi və hərbi-siyasi planda faktiki olaraq başa çatıb, amma hələ də ictimai şüurda, siyasi diskursda və son otuz ilin mədəni yaddaşında yaşayır. Bu psixoloji qat dəyişmədən, heç bir sülh sazişi bölgədə davamlı təhlükəsizlik yarada bilməz.
Münaqişənin sosial nəticələri: bir regionun kollektiv travması
Beynəlxalq qurumların rəsmi məlumatlarına görə, 1980-ci illərin sonundan 2023-cü ilə qədər münaqişə birbaşa təxminən 2,5 milyon insanın həyatına təsir edib - hərbçilər, qaçqınlar, köçkünlər və şəhid ailələri daxil olmaqla. Ümumilikdə isə 4,5 milyondan çox Azərbaycan və Ermənistan vətəndaşı müharibənin iqtisadi və sosial fəsadlarını - əmlak itkisini, evsizliyi, məcburi köçü və həyat səviyyəsinin enməsini yaşayıb. 1992–2020-ci illər arasında 15-dən çox iri hərbi əməliyyat, dörd genişmiqyaslı müharibə aparılıb, 800-dən artıq yaşayış məntəqəsi dağıdılıb. Döyüşlər 20 min kvadrat kilometrdən çox ərazini əhatə edib. Təkcə 2020-ci ildə hər iki tərəfdən təxminən 7 min hərbçi həlak olub. Bu rəqəmlər quru statistika deyil, reallığın təməlidir: müharibə bu bölgədə sadəcə hadisə yox, həyat tərzi idi.
2023-cü ildən sonrakı mərhələ: siyasi dönüş və ictimai psixologiya
2023-cü ildən sonra Azərbaycan Qarabağ üzərində tam nəzarəti bərpa etdi. Ermənistan isə Azərbaycanın 1991-ci il sərhədləri çərçivəsində ərazi bütövlüyünü tanıdı. Bu, nə ATƏT-in Minsk Qrupu, nə üçtərəfli danışıqlar, nə də onilliklərlə davam edən vasitəçilik missiyalarının bacarmadığı dönüş nöqtəsi idi. Amma bu siyasi addımlar cəmiyyətlərin düşüncəsini avtomatik dəyişmədi. Ermənistanda hələ də revanşist dairələr mövcuddur və daxili siyasətini “itirilmiş torpaqların” qaytarılması ideyası üzərində qurmağa çalışır. Azərbaycanda isə erməni elitalarının niyyətlərinə qarşı etimadsızlıq və istənilən güzəştlərin Bakının əleyhinə çevriləcəyi qorxusu qalmaqdadır. Paşinyanın özü etiraf edib ki, dialoq olmadıqda, hər iki tərəf bir-birinin dəyişmədiyini düşünür.
2023-cü ildən sonra yaranan sülh təkcə diplomatik sənəd deyil, yeni güc düzənidir. Azərbaycan artıq regionun aparıcı oyunçusuna çevrilib və əsas nəqliyyat-logistika arteriyalarına nəzarət edir: TANAP, TAP, Bakı–Tbilisi–Qars, Cənub Qaz Dəhlizi. 2021–2025-ci illər ərzində Azərbaycan infrastrukturu vasitəsilə 40 milyard kubmetrdən çox qaz ixrac olunub, bunun 16 milyardı Avropaya gedib. Bakı Avropa İttifaqının əsas enerji tərəfdaşlarından birinə çevrilib. 2025-ci ildə Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi 7,2 milyard dolları, Rusiya ilə 4,5 milyardı, İranla isə 650 milyon dolları ötüb.
Ermənistan isə fərqli geosiyasi vəziyyətdədir: xarici ticarətinin 40 faizi Rusiyadan, 30 faizi İrandan, 20 faizi isə digər ölkələrdən asılıdır. Qapalı sərhədlər ölkə iqtisadiyyatı üçün kritik faktora çevrilib, sülh siyasətinə keçid isə artıq sadəcə siyasi seçim deyil, iqtisadi yaşama məsələsidir.
Münaqişənin dərin kökləri: ritorika, yaddaş və kimlik
Paşinyan əsas problemi açıq şəkildə ifadə etdi: ekspert görüşlərinin faydası azdır, çünki məsələ diplomatik texnikada yox, şüurda yatır. 30 il davam edən müharibə xüsusi bir sosial kimlik formalaşdırıb - “düşmən obrazı”, nifrət dili, “itirilmiş ədalət” ideyası və faciələr üzərində qurulmuş yaddaş mədəniyyəti. Elə buna görə də Paşinyan ritorikanı vurğuladı. Ritorika sadəcə danışıq tərzi deyil, düşüncə formasıdır. O, məktəb dərsliklərindən tutmuş mediaya, siyasətçilərin çıxışlarından ictimai debatlara qədər hər şeyi müəyyənləşdirir.
Minsk Qrupu 30 ilə yaxın fəaliyyət göstərsə də, vəziyyəti dəyişə bilmədi. Səbəb sadə idi: bu qurum insanların dilində deyil, sənədlərin dilində danışırdı. O, protokollarla məşğul idi, halbuki iş psixologiya, media, təhsil, dini liderlər və biznes dairələri ilə aparılmalı idi. Onilliklər boyu “müharibə gözləntisi mədəniyyəti” formalaşdı, “gələcək gözləntisi mədəniyyəti” isə yaranmadı.
Azərbaycanın yeni mövqeyi: sülhün iqtisadi məntiqi
Bu gün Azərbaycan 1990-cı illərlə, hətta 2000-ci illərin əvvəlləri ilə müqayisədə tamamilə fərqli siyasi və iqtisadi reallıqdadır. Son 20 ildə ölkənin ÜDM-i 600 faizdən çox artıb, nəqliyyat və enerji sahələrinə yatırılan investisiyaların həcmi 60 milyard dolları keçib. Azərbaycan beynəlxalq enerji layihələrinin əsas iştirakçısına və qlobal logistikanın mühüm sərmayəçisinə çevrilib.
Bu mənzərədə Ermənistanla sülh artıq ideoloji məsələ deyil, iqtisadi zərurətdir. Sülh – nəqliyyat dəhlizlərinin sabitliyi, investisiyaların cəlbi, yeni marşrutların açılması, ticarətin artması və ən əsası, regionun xarici müdaxilələrdən qorunması deməkdir.
Bu, münaqişədən sülhə keçidin yalnız siyasi deyil, həm də mental və iqtisadi transformasiyadan ibarət olduğunu göstərir.
Paşinyan bu dəfə revanş tərəfdarlarının eşitmək istədiyi sözləri demədi. O, bölgənin yeni geosiyasi məntiqinə uyğun danışdı. Baş nazir anlayır ki, Ermənistan blokada şəraitində və yalnız Rusiyaya arxalanaraq uzun müddət yaşaya bilməz. 2023-cü ildən sonra regionda həm Türkiyənin, həm də ABŞ-ın fəallığı açıq şəkildə artıb. ABŞ prezidenti Donald Trampın hakimiyyətə gəlməsindən sonra Vaşinqtonun Cənubi Qafqaza marağı - xüsusilə enerji, təhlükəsizlik və infrastruktur sahələrində - xeyli güclənib. Türkiyə isə “Bir millət, iki dövlət” konsepsiyasını praktik siyasətə çevirərək nəqliyyat dəhlizləri üzərindən öz təsir dairəsini genişləndirir. Region inteqrasiya olunur, amma bu prosesdən kənarda qalan yeganə ölkə hələ də Ermənistandır. Məhz bu təcrid vəziyyəti Paşinyanı ritorikanı dəyişməyə məcbur edir.
Ritorika və şüur dəyişmədən diplomatiya işləmir
Əsas məsələ ondadır ki, dil və düşüncə tərzi dəyişmədən heç bir diplomatik mexanizm nəticə verməz. Siyasi ritorika – imkanların sərhədini müəyyənləşdirən çərçivədir: o, ya etimad yaradır, ya da qorxunu təzələyir. Bu mərhələdə dialoq təkcə danışıqlar prosesi deyil, ictimai şüuru dəyişdirən alətdir. Azərbaycan üçünsə bu, real sülhün möhkəmlənməsi vasitəsidir, müvəqqəti fasilənin yox. Bakı yeni qarşıdurmada maraqlı deyil. Onun məqsədi sabit, qarşılıqlı iqtisadi faydaya söykənən regional sistem qurmaqdır.
Skeptisizm hələ də qalır, çünki hər iki ölkədə münaqişədən siyasi kapital toplayan qruplar mövcuddur. Ermənistanda bunlar 2018-ci ildə hakimiyyəti itirən dairələrin qalıqlarıdır. Azərbaycanda belə qüvvələr azdır, amma müharibə xatirəsi hələ də canlıdır. Məhz bu qruplar – həm Ermənistanda, həm də Azərbaycanda – real barışığa ən ciddi maneədir. Onlar gələcəyi deyil, keçmişi yaşadır, dövlətçilik ideyasını deyil, inciklik obrazlarını diriltməyə çalışırlar.
Paşinyanın ritorika ilə bağlı bəyanatı təsadüfi deyil. O, etiraf edir ki, diplomatiya yalnız sənədlər və sazişlərlə qurula bilməz. Uğurlu sülh üçün ictimai şüurun, tarixi təhkiyələrin, təhsil sisteminin, medianın dilinin və insanlararası əlaqələrin dəyişməsi vacibdir. Sülh müqavilə ilə başlamır - sülh ölkələrin bir-birini necə təsvir etdikləri dildən başlayır. Bu, humanizm məsələsi deyil, strateji sabitlik məsələsidir.
Əgər dialoq növbəti formal prosedura çevrilsə, sülh yenə epizodik olacaq. Amma əgər bu dialoq düşüncə tərzini dəyişdirməyə xidmət etsə, Cənubi Qafqaz son 30 ildə ilk dəfə münaqişə meydanı yox, inkişaf məkanı ola bilər. Bu artıq utopiya deyil. Bu, yeni reallığın məntiqi nəticəsidir - o reallığın ki, burada Azərbaycan güclü regional oyunçudur, Ermənistan isə nəhayət anlayır ki, köhnə strategiya tükənib.
Elçin ALIOĞLU