“Rusiya Ermənistanda kilsəni Paşinyana qarşı təzyiq alətinə çevirib” - Rəşad Bayramov

28 Noyabr 2025 17:47 (UTC+04:00)

“Ermənistanda Apostol kilsəsi uzun illər ərzində təkcə dini deyil, həm də sosial və siyasi təsir baxımından mühüm aktor kimi çıxış edib. Paşinyan hakimiyyət uğrunda mübarizəyə başladığı andan etibarən isə kilsə daim anti-Paşinyan mövqeyi ilə seçilib. Son dövrlərdə, xüsusilə də 2026-cı il parlament seçkiləri yaxınlaşdıqca, kilsənin hökumət əleyhinə fəaliyyəti daha açıq şəkildə siyasi təzyiq alətinə çevrilməkdədir. Bu prosesin əsas hərəkətverici qüvvəsi isə şübhəsiz ki, Moskvanın təsiridir. Rusiya, Ermənistanda “beşinci kolon” rolunu oynayan zəif müxalifət fonunda öz təsir imkanlarını qorumaq üçün dini strukturları aktivləşdirib. Moskva bu istiqamətdə yalnız ideoloji mesajlarla kifayətlənmir, həm də diaspora, kilsə layihələri və mədəni-dini təşəbbüslər vasitəsilə təsir şəbəkəsi formalaşdırır, kilsə rəhbərliyinin fəaliyyətini koordinasiya edir”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Rəşad Bayramov deyib.

Xatırladaq ki, Rusiya hakimiyyəti Ermənistanda kilsə xadimlərinə açıq şəkildə “sizinləyik”, “bizim üçün vacibsiniz” mesajları verir. Moskva diaspora, kilsə layihələri və mədəni-dini təşəbbüslər vasitəsilə kilsə strukturlarını dəstəkləyir və bununla təsir şəbəkəsi formalaşdırır. Kremlin yönləndirməsindən sonra din xadimləri kilsələrdə və yığıncaqlarda Nikol Paşinyanın siyasətini tənqid edirlər. Xüsusilə 2026-cı il parlament seçkiləri yaxınlaşdıqca, Rusiya Apostol Kilsəsini hökumətə qarşı təzyiq alətinə çevirib. Bu təzyiq ideoloji platforma və kilsə vasitəsilə ictimai rəyə təsir formasında özünü göstərir. Bunun fərqində olan İrəvan hökuməti isə kilsəyə qarşı mübarizəni sərtləşdirib. Paşinyan yaxın çevrəsində kilsə rəhbərliyinə qarşı genişmiqyaslı planın hazırlandığını vurğulayıb.

Siyasi şərhçi bildirib ki, Moskvanın dəstəklədiyi ruhani liderlərin kilsə daxilində Paşinyan hökumətinə qarşı çıxış edən din xadimlərini yönləndirməsi artıq heç kim üçün sirr deyil.

"Bu çıxışlar əksər hallarda Kremlin maraqlarına uyğun mesajlar ehtiva edir və ictimai rəyi formalaşdırmaq məqsədilə istifadə olunur. Rusiya bu kanalları həm ideoloji təsir, həm də hökumətə təzyiq mexanizmi kimi işə salaraq Ermənistanda siyasi proseslərə dolayı müdaxiləni davam etdirir. Bu mənzərə fonunda kilsənin Paşinyana qarşı tənqidlərinin böyük ölçüdə Moskvanın strateji maraqları ilə üst-üstə düşdüyü açıq görünür. Yəni, kilsə rəhbərliyinin mövqeyi müəyyən qədər daxili mühafizəkar yanaşmalardan qaynaqlansa da, əsas istiqamət Kremlin diktəsidir. Paşinyan hakimiyyəti də bu təsirin fərqindədir və kilsəyə qarşı müxtəlif təzyiq alətlərini işə salır. Baş nazirin yaxın çevrəsində formalaşmış “ruhanilər qrupu” kilsədə gedən prosesləri izləyir, Moskvanın təsir dərəcəsini qiymətləndirir və hökumət əleyhinə kampaniyaların qarşısını almağa çalışır. Bu qrup həm katolikosun ətrafındakı şəxslərin fəaliyyətini, həm də yaxın aylarda artması gözlənilən təzyiqləri diqqətdə saxlayır. Bu strategiya hələlik kilsənin təsirini tamamilə neytrallaşdırmasa da, Kremlin yönləndirmə imkanlarını müəyyən qədər balanslaşdırmağa şərait yaradır. Kilsənin ictimai mobilizasiya gücünə gəlincə, onun xüsusilə kəndlərdə və mühafizəkar bölgələrdə nüfuzu hələ də nəzərəçarpandır. Lakin bununla belə, kilsənin seçkilərin nəticələrinə əhəmiyyətli təsir göstərə biləcək səviyyədə gücə malik olduğunu demək çətindir. Baqrat Qalstanyan və Gümrü arxiyepiskopunun həbsləri fonunda geniş ictimai etirazın yaranmaması da kilsənin əvvəlki təsir imkanlarını itirdiyini göstərir. Əslində bunu Moskva da bilir. Məhz buna görə Rusiya üçün kilsə daha çox hərəkətverici alət və təzyiq mexanizmi olaraq önə çıxır, real siyasi mobilizasiya gücü kimi deyil. Ümumiləşdirsək, Ermənistan Apostol kilsəsinin Paşinyan hökumətinə qarşı fəaliyyətində Moskvanın təsiri açıq şəkildə dominant rol oynayır. Kilsə müəyyən sosial və ideoloji təsir imkanlarını saxlamasına baxmayaraq, əvvəlki gücünü artıq itirib və daha çox xarici yönləndirici qüvvələrin alətinə çevrilib".

Rəfiqə Namazəliyeva,

AzNews.az