“Azərbaycanda məktəbli və lisey şagirdlərinin üzləşdiyi təzyiq artıq təkcə məktəb proqramı ilə məhdudlaşmır. Səhər məktəb, günorta repetitor, dil kursu, idman, musiqi dərsləri və s. — bunun üzərinə bir də valideynlərin “universitetə qəbul” təzyiqi əlavə olunur. Bu yük görünməsə də, uşağın həm psixoloji sağlamlığını, həm də şəxsiyyət kimi inkişafını ciddi şəkildə zədələyir. Son illərdə aparılan elmi araşdırmalar göstərir ki, akademik təzyiq sadəcə “yorğunluq” deyil — depressiya, narahatlıq, özünəqəsd düşüncələri və özünə zərər vermə davranışları ilə birbaşa əlaqəlidir. Bir çox tədqiqatlarda yeniyetmələr “yüksək akademik stress” və “valideyn təzyiqi” səbəbindən “yüksək narahatlıq səviyyəsi” ilə xarakterizə olunur”.
Bu fikirləri Aznews.az-a açıqlamasında təhsil eksperti Sona Əliyeva deyib.
Qeyd edək ki, Azərbaycanda məktəbli və lisey şagirdlərinin üzləşdiyi tələblər yalnız məktəb proqramı ilə məhdudlaşmır. Valideynlərin yüksək gözləntiləri və əlavə dərslərə, repetitorlara qoyulan tələblər gənclərin üzərində ciddi psixoloji və akademik yük yaradır. Bu yük, bir tərəfdən şagirdin akademik göstəricilərinə təsir edirsə, digər tərəfdən onların sosial və emosional inkişafını da riskə atır. Son illərdə aparılan araşdırmalar göstərir ki, “mükəmməl uşaq sindromu” adlandırılan fenomenin artması valideyn təzyiqi ilə birbaşa bağlıdır və uşaqların yaradıcılıq, motivasiya və özünə inam səviyyələrini aşağı sala bilir. Ekspertlər vurğulayır ki, valideynlərin övladlarının uğuruna yönəlmiş təzyiqi düzgün idarə etmək, həm akademik nəticələrin yaxşılaşdırılması, həm də psixoloji sağlamlığın qorunması üçün zəruridir. Məktəb və dövlət strukturlarının rolu isə valideyn maarifləndirilməsi və psixoloji dəstək mexanizmlərinin gücləndirilməsindən keçir.
Ekspert bildirib ki, cəmiyyətdə sanki “mükəmməl uşaq böyütmək sindromu” formalaşıb.
"Hər kəs “övladım üçün ən yaxşısını istəyirəm” deyir. Problem ondadır ki, “ən yaxşı” anlayışı uşağın daşıya biləcəyindən qat-qat ağır olur. Psixologiyada bu hal “sosial təzyiq yönlü mükəmməlçilik” adlanır — yəni uşaq özünü yalnız yüksək nəticə göstərdiyi zaman dəyərli hesab etməyə başlayır. Dünya araşdırmalarında göstərilir ki, valideyn gözləntiləri və tənqidi artdıqca, uşaq özünü mükəmməl olmağa məcbur hiss edir və onda belə bir düşüncə formalaşır: “Məni yalnız uğur qazandıqda qəbul edəcəklər.” Bu isə uzunmüddətli dövrdə narahatlıq, özünə inamsızlıq və emosional tükənmə yaradır. Bu, sevgi deyil — bu, uşağın “şərtli qəbul” edilməsidir: yaxşı nəticə varsa sevgi var, yoxdursa yox. Mediada “perfect child”, “golden child syndrome” kimi tanınan bu hal da mahiyyət etibarilə eynidir: uşaq ailənin “qürur layihəsi”nə çevrilir və hər səhvini “hörmətimi itirəcəyəm” qorxusu ilə yaşayır. Təzyiq yalnız valideyndən gəlmir. Son illərdə aparılan beynəlxalq tədqiqatların nəticələrinə görə, sinif yoldaşlarının çoxu repetitora gedəndə məktəbdəki bütün uşaqlarda imtahanlarla bağlı stress və depressiv əlamətlər artır. Mütəmadi əlavə dərslər yuxunu azaldır, bu isə depressiv əhval-ruhiyyəni gücləndirir. Bəzi araşdırmalar isə göstərir ki, repetitor saatları artdıqca akademik stress yüksəlir və həyat məmnuniyyəti aşağı düşür. Yəni əlavə dərs özü pis deyil, amma həddindən artıq hazırlıq — xüsusilə yuxunu, istirahəti, oyunu və sosial həyatı sıradan çıxaranda — artıq inkişaf vasitəsi yox, psixoloji risk faktoruna çevrilir. Azərbaycandakı real vəziyyət də bunu təsdiqləyir: məktəblərdə psixoloqların bir hissəsi valideyn təzyiqini “dəstək”, şagirdin stresini isə “yeniyetmə kaprizləri” kimi qiymətləndirməyə meyllidir. Yerli araşdırmalar isə göstərir ki, imtahanlar, daimi yoxlamalar və yüksək gözləntilər uşaqlarda yorğunluq, motivasiya itkisi və emosional tükənmə yaradır. Son illərdə aparılan meta-analizlər isə bunu daha dəqiq təsvir edir:
• Emosional dəstək göstərən, dinləyən, lakin nəzarəti və tənqidi abartmayan valideynlərin uşaqlarında depressiv simptomlar daha az olur.
• Uşağın təhsilinə maraq göstərən, evdə sakit mühit yaradan, dərs prosesini planlaşdıran, amma “mütləq birinci olmalısan” deyə sıxmayan valideyn psixoloji baxımdan qoruyucu rol oynayır.
Nə etməli? Elmi araşdırmaların mesajı qısaca belədir:
1.Uşağın həyatında balans olmalıdır. Yuxu, oyun, dostlarla ünsiyyət, idman, yaradıcılıq — bunlar “vaxt itkisi” deyil, psixoloji sağlamlığın dayaqlarıdır. Repetitor saatları bu dayaqları dağıdırsa, artıq risk zonası yaranır.
2. Valideyn uşağını “proyekt” kimi yox, insan kimi görməlidir. Yüksək bal yaxşıdır, amma uşaq özünü yalnız nəticəyə görə dəyərli sayırsa, bu gələcəkdə depressiya və özünə inam böhranına yol açır.
3.Məktəblər yalnız dərs yox, psixolojik dəstək məkanı da olmalıdır.Psixoloqlar şagird stresini “şişirtmə” kimi görməməli, stress, vaxt idarəetməsi və imtahan narahatlığı üzrə sistemli proqramlar tətbiq etməlidir.
4.Dövlət repetitorluq dalğasını görməzdən gəlməməlidir.Həftəlik dərs yükünün monitorinqi, məktəbdaxili pulsuz təkrar dərslər və məsləhət saatları yaradılmadan repetitor bazarı uşağın sağlamlığı hesabına böyüməyə davam edəcək.
Uşağın ən böyük ehtiyacı mükəmməl olmaq deyil — görülmək, sevilmək, dinlənilmək və səhv etmək haqqına sahib olmaqdır. Əgər cəmiyyət olaraq bunu anlamasaq, illər sonra yüksək ballı, lakin özünü dəyərsiz, yorğun və həyatdan təcrid olunmuş bir nəslin formalaşması ilə üzləşəcəyik".
Rəfiqə Namazəliyeva,
AzNews.az