Dəvə baxıcısı: Həm dözümlü, səbirli, ağıllı, həm də qısqanc və kinlidirlər

28 Noyabr 2025 17:46 (UTC+04:00)

Yeddi-on gün susuz yaşaya bilən, su itirməsin deyə bədən temperaturunu dəyişən “səhra gəmiləri” günün qızmar vaxtlarında sıx tükləri, dərialtı piyi sayəsində 60-70 dərəcə istiyə, 40-50 dərəcə soyuğa davam gətirə bilir. Söhbət 200-300 kiloqrama qədər yük daşıya bilən qumsal düzənliklərin dözümlü “səyyahları”, uzaq məsafələri yorulmadan qət edib, sahiblərini çətin vəziyyətdə qoymayan dəvələrdən gedir. Bu heyvanlardan nəinki yük daşımaq, həm də gəlirli fermer təsərrüfatı yaratmaq üçün də istifadə edilir.

Aydın Əliyev Mingəçevirdəki şəxsi təsərrüfatların birində 29 baş dəvəyə qulluq edir.

Aznews.az xəbər verir ki, dəvə baxıcısı deyir ki, bu heyvanları saxlamaq sərfəlidir. Heyvanın tükü qiymətlidir, yüngüldür, isti saxlayır, allergiya vermir. Xalça, palto, papaq, yataq dəstlərinin hazırlanmasında istifadə edilir. Dərisi də dözümlü və yumşaqdır, əsasən dəri məmulatlarında və musiqi alətlərinin hazırlanmasında gərəkli olur.

Onun sözlərinə görə, bir dəvə gündə 1 və ya 2 stəkan süd verə bilər. Digər ev heyvanlarından fərqli vitamin və minerallarla zəngin olan, bir sıra ağır xəstəliklərə dərman hesab edilən dəvə südündən qatıq, pendir, qaymaq da hazırlanır. Əti də zülalla zəngindir, bir çox xalqların mətbəxində istifadə olunur.

“Dəvə normal halda iki ildən bir bala verə bilər, həmin balalar iki il süd əmir. Son üç ildir təsərrüfatımızda 10 bala doğulub. Kəsmirik, satmırıq, çoxalmalarını istəyirik. Bir dəvə gün ərzində 30-40 litr su içir, ən kobud, duzlu, quraq otlarla, faydalı yovşan, yulğun, dəvətikanı ilə qidalana bilir. Mən ot, yem də verirəm. Hər birinə ad qoymuşam və öz adları ilə çağırıram”, - deyən dəvə baxıcısı söyləyir ki, dəvələri saxlamaq o qədər də çətin deyil və böyük xərc tələb etmir. “Quraqlıq döyüşçüləri” çox dözümlü, səbirli, eyni zamanda, çox ağıllı heyvanlardır. Kəskin görmə və qoxubilmə qabiliyyətinə malik dəvələr sahibi olmadan 15-16 kilometr məsafə qət etsələr belə, sonradan özləri həmin yerə qayıda bilirlər.

“Cavan dəvələr qoca dəvələrdən ayrı gəzir. Qısqanc və kinlidirlər. Hərdən özlərinə qapanırlar, yemək yemir, arıqlayırlar. Yay-qış açıq havada qalırlar. Dözümlü olduqları üçün nadir halda xəstələnirlər, amma xəstələnəndə də ölürlər, gərək qoruyasan. Dəvə yatmaq, dincəlmək istəyəndə onu narahat etsən sənə pis davranar, tüpürər. Onların nazı ilə oynayıram deyə, mənimlə yaxşı yola gedirlər”, - deyən dəvə baxıcısı gülür.

Aydın Əliyevin dediyinə görə, bəslədiyi dəvələrə maraq böyükdür. Kimisi uzaq məsafə qət edib təsərrüfata gəlir, “çöllərin dözümlü nəhəngləri” ilə şəkil çəkdirir. Kimisi də onların tükündən və südündən almaq üçün bu məkana üz tutur.