Vəkillər Kollegiyası niyə DİM-dən imtina etməlidir?

28 Noyabr 2025 18:36 (UTC+04:00)

Vəkillər Kollegiyasının sədri, çox hörmətli Anar Bağırov vəkillik fəaliyyəti bağlı vacib açıqlamalar verib. Azərbaycanda vəkil peşəsinin nüfuzunun yüksəlməsində gerçəkdən böyük xidmətləri olan sayğılı Bağırov hər kəsi narahat edən bir məqamı dilə gətirib və bildirib ki, Azərbaycanda adambaşına düşən vəkillərin sayı digər Avropa Şurasına üzv ölkələrlə müqayisədə xeyli aşağıdır:

Bu gün ölkədə 2 800-ə yaxın vəkil fəaliyyət göstərir. İlin sonuna kimi vəkillərin sayı həmin rəqəmi ötəcək. Gələn ilin birinci yarısında isə həmin göstərici 3 mini keçəcək.

VK sədri vurğulayıb ki, hər il 350 nəfər vəkilliyə namizəd qəbul edilir:

“Qəbul prosesi çox mürəkkəb prosesdir və bir neçə mərhələdən ibarətdir. Təbii ki, imtahanlarda iştirak edən bütün namizədlər vəkil olmurlar. Bu il 800-dən çox namizəd vəkilliyə qəbul imtahanlarına qoşulub. Ölkədə hüquqşünas məzunların azlığı, hüquqşünas qıtlığına gətirib çıxarır. Bu ixtisasdan məzun olanlar eyni zamanda özəl və dövlət sektorunda da fəaliyyət göstərirlər".

Bu gün- noyabrın 28-də Vəkillər Kollegiyası DİM ilə birgə vəkilliyə qəbul üzrə yazılı test imtahanı keçirib.

İmtahanda 423 nəfər iştirak edib.

İmtahan barədə rəsmi məlumatda bildirilir ki, Naxçıvan Muxtar Respublikası VK üzrə müraciət edənlər isə ümumi sayın 0,2%-ni təşkil edir. Bu, 1 nəfər deməkdir. Zənnimcə, xüsusilə Zəngəzur dəhlizinin açılmasından sonra hüquq münasibətlərinin tərəqqisi zəruri olan Naxçıvan kimi strateji bölgədə cəmi 1 nəfərin vəkil olmaq istəməsi barədə ciddi düşünmək lazımdır.

İndi digər göstəricilərə nəzər salaq.

Açıqlanan statistikaya görə bu gün test dolduran namizədlərin:

- 11,7%-i xarici, 88,3%-i isə yerli ali təhsil müəssisələrinin məzunlarıdır.

- Ən çox təmsil olunan ali məktəb 54% göstərici ilə Bakı Dövlət Universitetidir.

- İştirakçıların 71%-i 40 yaşadək namizədlərdir.

İmtahanda iştirak edən 423 namizəddən:

- 311 nəfəri (74%) özəl müəssisələrdə,

- 112 nəfəri isə (26%) dövlət qurumlarında çalışır.

Dövlət qurumlarında çalışanlardan 45 nəfəri məhkəmələrdə, 17 nəfəri ədliyyə orqanlarında, 15 nəfəri daxili işlər orqanlarında, 1 nəfəri prokurorluqda, 34 nəfəri isə digər dövlət qurumlarında fəaliyyət göstərir.

NƏTİCƏLƏR İSƏ MƏYUSEDİCİDİR: İmtahana qatılan 413 nəfər iştirak edib və onlardan cəmi 224 nəfəri uğur qazanıb.

Ümumiyyətlə isə, cari il üzrə keçirilən ixtisas imtahanlarının test mərhələlərində ümumilikdə 884 namizəd iştirak edib. Bu il 287 nəfər vəkil and içərək Kollegiyanın üzvlüyünə qəbul olunub. Hazırda 65 nəfər vəkilliyə namizədin Ədliyyə Akademiyasında icbari təlim prosesi davam edir, 130 namizəd isə şifahi müsahibə mərhələsində iştirak edir.

Bu rəqəmlər onu göstərir ki, Azərbaycanda vəkil olmaq istəyən və əksəriyyəti ölkənin ən prestijli hüquq məktəbi olan BDU-nu bitirən, üç illik hüquq stajı olan şəxslərin tən yarısı vəkilliyə yazılı testdən keçə bilmir.

Bu nəticələr vəkilliyə qəbulla bağlı keçirilən test sınaqlarında ciddi problemlərin olduğunu göstərir.

Bu problemləri dəqiq analiz etmək müşkül məsələdir. Çünki test sualları ictimaiyyətə açıqlanmır. Hər halda bu suallarla tanış olmaq istədim, amma əlahəzrət Google işimə yaramadı. Odur ki, istər-istəməz suçu yenə DİM-in illərdir dəyişməyən, hər kəsi savadsız çıxarmağa meyilli testologiyasında axtarmaq məcburiyyətindəyik.

Odur ki, dəfələrlə səsləndirdiyim bir təklifi yenidən xatırladıram.

DİM-in bu qədər səlahiyyətə və funksiyaya sahib olmasına gərək yoxdur, vəkillik fəaliyyəti üçün test keçirməsi isə qəti şəkildə yolverilməzdir.

O sadə səbəbə görə ki, ölkəmizdə hüquqşünasların vəkillik peşəsinə yararlılığını icbari hazırlıq müəyyən edir. Bu hazırlığa başlamaq üçün DİM-in yazılı testindən keçmək lüzumsuz bürokratik əngəldir.

Mənim məntiqim çox sadədir:

• Əgər namizəd onsuz da icbari hazırlıq mərhələsi keçməlidirsə,
• Əgər peşə yararlılığı İxtisas Komissiyası tərəfindən qiymətləndirilməlidirsə,
• Əgər ölkənin vəkil ehtiyacı çox yüksəkdirsə,

o zaman DİM-in test mərhələsi artıq funksional deyil və öz mahiyyətindən kənara çıxıb.

Odur ki, Vəkillər Kollegiyası DİM-lə bağladığı memarondumu dayandırmalı, yazılı test imtahanlarını Ədliyyə Akademiyasına həvalə etməlidir.

Taleh ŞAHSUVARLI