“Əslində Donald Trampın irəli sürdüyü sülh planı Moskvada ortaya qoyulan şərtlərin tonuna və Rusiya tərəfindən necə qarşılandığına baxdıqda, müəyyən mənada uğurlu sayıla bilərdi. Çünki ən azından ABŞ və Rusiya arasında bu planın müzakirəyə çıxarılması belə uzun müddət mümkün görünmürdü. Amma təbii ki, sözügedən sülh planına Ukraynanın maraqları və dövlətin gələcəyi prizmasından yanaşdıqda, bu təşəbbüs Kiyev üçün kifayət qədər ciddi risklər ehtiva edirdi. Ukraynanın müharibənin ilk günlərindən diplomatiyadan uzaqlaşıb hərbi potensialını artırmağa çalışmasının əsas səbəbləri bəllidir. Kiyev bildirirdi ki, onun üçün təkcə digər işğal olunmuş əraziləri deyil, Krımı belə geri qaytarmaq və beynəlxalq səviyyədə tanınan sərhədlərini bərpa etmək həyati əhəmiyyət daşıyır. Ərazi bütövlüyünün bərpası Ukraynanın əsas prioriteti idi. İkinci mühüm məsələ NATO-ya üzvlük idi. Ukrayna vurğulayırdı ki, müstəqil və suveren dövlət kimi istədiyi ittifaqa qoşulmaq və ya qoşulmamaq hüququ var və buna heç bir tərəf müdaxilə edə bilməz. Üçüncü məsələ isə ordunun gələcək quruluşu və silahlanması ilə bağlı suveren qərarvermə hüququ idi. Kiyev bildirirdi ki, ordunun sayı, təchizatı və modernləşdirilməsi də Ukraynanın öz qərar verəcəyi sahədir”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Həşim Səhrablı deyib.
Qeyd edək ki, Ukrayna müharibəsi ətrafında Vaşinqton, Kiyev və Avropa İttifaqı arasında diplomatik danışıqlar yenidən intensivləşib. Tərəflər müxtəlif formatlarda görüşlər keçirərək təhlükəsizlik məsələləri və mümkün sülh mexanizmləri ilə bağlı mövqelərini müzakirə edirlər.Bu diplomatik aktivlik fonunda isə prosesin real nəticələrə gətirib çıxarıb-çıxarmayacağı barədə fərqli yanaşmalar formalaşır.
Siyasi şərhçinin sözlərinə görə, məhz bu üç həyati məsələ Ukraynanın müharibəyə sürüklənməsinin əsas səbəbləri olub.
"Trampın sülh planında isə bu üç maddənin hər üçündə Ukraynanın deyil, Rusiyanın maraqlarının əsas götürüldüyü görünür. Bu da müəyyən mənada başadüşüləndir. Çünki döyüş meydanında üstünlük kimdədirsə, diplomatik masada da şərtləri əsasən o tərəf diktə edir. Hazırda Rusiyanın döyüş meydanında üstünlük əldə etməsi ona imkan verir ki, öz tələblərini açıq şəkildə irəli sürsün və sülhü təmin etmək istəyən tərəflər də, o cümlədən Tramp, bu reallığı nəzərə almağa məcbur olsunlar. Prosesə üçüncü tərəf kimi Avropa İttifaqı da daxil oldu. Bugünkü danışıqlar əsasən Avropa, Ukrayna, ABŞ və Rusiya mərkəzində davam edir. Bəs Avropa niyə öz alternativ planını ortaya atdı? Reallıq ondan ibarətdir ki, Avropanın təqdim etdiyi planın qəbul edilə biləcək səviyyədə olmadığı aydındır. Çünki Avropa özü müxtəlif hesabatlarında etiraf edir ki, hərbi və strateji baxımdan həm Rusiyadan, həm də ABŞ-dan geri qalır. Avropa bu gün öz resursları ilə Ukraynadakı reallığı dəyişə biləcək gücə malik deyil. Buna baxmayaraq, Aİ-nin alternativ plan irəli sürməsinin əsas səbəbi prosesdən kənarda qalmamaq, “mən də varam” mesajını vermək və qərarların qəbulunda öz maraqlarının nəzərə alınmasını təmin etməkdir. Təqdim olunan planın böyük hissəsi demək olar ki, Trampın planı ilə üst-üstə düşür. Yeganə fərq ondan ibarətdir ki, Ukraynanın üç əsas məsələsi — ərazi bütövlüyü, ordunun məhdudlaşdırılmaması və NATO-ya üzvlük məsələsi Avropanın planında yumşaldılmış şəkildə qorunur. Hazırda Avropa və Ukraynanın mövqeləri məhz bu nöqtədə kəsişir: hər iki tərəf anlayır ki, söhbət təkcə Ukraynanın deyil, bütövlükdə Avropanın təhlükəsizliyindən gedir. Ona görə də danışıqları analiz edərkən səmimi sülh niyyətindən çox, tərəflərin hansı maraqları müdafiə etdiyi, kim hansı şərtləri diktə etməyə çalışdığına diqqət yetirilməlidir. O ki qaldı Rusiyaya — Moskva sonda yenə də maksimalist şərtlərini irəli sürəcək. Çünki Kremlin öz açıqlamalarında Trampın təqdim etdiyi ilkin versiyanın bir çox məqamda Rusiyaya sərf etdiyi açıq şəkildə görünür. Bu plan Rusiyaya həm daxili auditoriyaya “istədiyimizə nail olduq” mesajını vermək şansı yaradırdı: işğal edilən ərazilər qalır, Krım onlarda qalır, Ukraynanın ordusu məhdudlaşdırılır, NATO-ya üzvlük qapadılır. Amma ABŞ–Qərb–Ukrayna üçlüsünün danışıqlarından fərqli nəticə çıxarsa və bu üç əsas maddədən hansısa dəyişdirilsə, yumşaldılsa və ya ümumiyyətlə çıxarılsa, Rusiya bunu qəbul etməyəcək. Digər tərəfdən, Trampın ilkin planının Avropa və Ukrayna tərəfindən qəbul edilməsi də mümkün deyil, çünki bu, Ukraynanın faktiki təslimiyyəti anlamına gələcək. Bütün bunlara görə, bu gün atılan addımların yaxın perspektivdə sülhə gətirib çıxaracağına ümidlə yanaşmaq doğru olmaz. Çünki tərəflərin mövqeləri arasında ciddi təzadlar mövcuddur və heç biri hələ tam məğlubiyyətə düçar olmayıb. Bu müharibə ya tərəflərdən birinin öz maraqlarından könüllü şəkildə imtina etməsi ilə, ki, indiki məqamda bu qeyri-real görünür, ya da döyüş meydanında tam məğlubiyyətlə başa çatacaq. O zaman digər tərəfin şərtləri ilə sülh imzalanacaq. Hazırda gedən danışıqlar isə, sadəcə, tərəflərin mövqelərini gücləndirmək, bir-birilərinə diplomatik təzyiq göstərmək cəhdləridir. Bu proses o vaxta qədər davam edəcək ki, qeyd olunan iki ssenaridən biri reallaşsın: ya tərəflərdən biri müharibənin mənasız olduğunu anlayıb geri addım atacaq, ya da onlardan biri tam məğlub olacaq".
Rəfiqə Namazəliyeva,
AzNews.az