“Rusiya–Ukrayna müharibəsi dünya nizamını yenidən qurur” - Kənan Novruzov

28 Noyabr 2025 21:53 (UTC+04:00)

“Təbii ki, Rusiya-Ukrayna müharibəsi Şərqi Avropanın təhlükəsizlik balansına ciddi zərbə vurdu və regionda nə qədər boşluqların olduğunu açıq şəkildə göstərdi. Bu, yalnız Şərqi Avropa üçün deyil, digər regionlar üçün də təhlükəsizlik baxımından ciddi təhdidlər yaradır. Ümumiyyətlə, dünya nizamı yenidən formalaşır və bu, təkcə ayrı-ayrı regionlar üçün deyil, qlobal təhlükəsizliyin planlaşdırılması üçün də ciddi çağırışdır. Rusiya-Ukrayna müharibəsi hələ davam edir və konkret nəticələri yalnız müharibə bitəndən sonra görmək mümkün olacaq. Lakin indidən ehtimal etmək olar ki, müharibədən sonra Ukrayna ya parçalanacaq, ya da dövlətin xəritəsində ciddi dəyişikliklər baş verəcək".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov deyib.

Xatırladaq ki, Ukrayna–Rusiya müharibəsi Şərqi Avropanın təhlükəsizlik arxitekturasını köklü şəkildə yenidən formalaşdırır. Region ölkələri, xüsusilə Polşa, Rumıniya və Baltik dövlətləri, müharibə başladıqdan sonra müdafiə xərclərini kəskin artıraraq NATO ilə hərbi koordinasiyanı genişləndirib. Müharibənin uzanması təkcə Ukraynanın gələcəyini deyil, bütövlükdə Şərqi Avropanın geosiyasi balansını müəyyənləşdirən əsas faktora çevrilib. Region dövlətləri həm müharibənin öz ərazilərinə yayılma riski, həm də Rusiyanın təsir alətlərinin – enerji, informasiya müharibəsi və siyasi nüfuz mexanizmlərinin – genişlənməsi ilə üz-üzədir.

Siyasi şərhçi qeyd edib ki, bu, əlbəttə, Şərqi Avropanın təhlükəsizliyinə təsir göstərəcək və digər Avropa dövlətləri də xarici siyasətləri ilə müdafiə və təhlükəsizlik strategiyalarında müəyyən dəyişikliklərə gedə bilərlər.

"Hazırda NATO-nun Şərqi Avropadakı hərbi mövqeyi ciddi şəkildə artırılmayıb. Müharibə zamanı bəzi tədbirlər görülüb, lakin genişmiqyaslı artım hələ baş verməyib. Bununla belə, gələcəkdə artım mümkündür. Əgər Avropa dövlətləri görsələr ki, ABŞ vasitəsilə Rusiya və Ukrayna arasında sülhə bir addım qalıb, bəzi dövlətlər təxribat törədə və Rusiya ilə digər Avropa dövlətləri arasında münaqişəyə səbəb ola bilər. Bu isə ABŞ-nin ciddi reaksiyasını gözə almaq deməkdir. Əgər Avropa bunu etsə və ABŞ-ın planlarına mane olarsa, Avropa ABŞ-la üz-üzə gələ bilər. Bu isə NATO daxilində gərginliyin artmasına və ittifaqın birliyinin sınağa çəkilməsinə səbəb ola bilər. Yəni Rusiya-Ukrayna müharibəsi NATO-nu parçalaya biləcək potensiala malikdir və bu ehtimal üzərində düşünmək vacibdir. Bunun səbəbi ondan ibarətdir ki, ABŞ müharibənin tezliklə sona çatmasını istəyir. Birincisi, ABŞ Rusiya ilə münasibətlərin kəskinləşməsini istəmir və iqtisadi əlaqələrin inkişafına maraqlıdır. İkincisi, müharibə bitdikdən sonra diqqətini Yaxın Şərq və Çinə yönəltmək istəyir. Üçüncüsü isə müharibə bitdikdən sonra Ukraynaya investisiya qoymaq niyyətindədir. Avropa isə müharibənin bitməməsini həm iqtisadi maraqları, həm də ucuz enerji mənbələrini itirməmək baxımından arzulayır. Eyni zamanda, müharibə bitdikdə Rusiya xalqının vəziyyəti də dəyişəcək. Müharibə dövründə xalq Putin hakimiyyətinə qarşı narazılıq hissini ifadə edə bilmir, lakin sülh zamanı bu narazılıq daha açıq şəkildə ortaya çıxa bilər. Bu da Rusiyanın növbəti hərbi planlarını formalaşdırmasına səbəb ola bilər. Belə bir vəziyyət Avropa üçün ciddi sınaqdır və ittifaqın daxilində gərginliklərin artmasına, hətta parçalanma riskinə yol aça bilər".

Rəfiqə Namazəliyeva,

AzNews.az