Qara dənizdə iki tankerə aid insident qeydə alınıb.
AzNews.az-ın Türkiyənin Gəmiçilik Baş İdarəsinə istinadən verdiyi məlumata görə, “VİRAT” adlı tanker sahildən 35 dəniz mili məsafədə olarkən zərbə aldığı barədə siqnal verib. Hadisədən dərhal sonra xilasedicilər və bir gəmi əraziyə göndərilib. Tankerdə olan 20 nəfərin vəziyyətinin yaxşı olduğu bildirilir. Hadisənin səbəbləri araşdırılır.
Bundan əvvəl Bosfor boğazı yaxınlığında “Kairos” adlı digər tankerə dair müxtəlif məlumatlar yayılıb. “Habertürk”ün məlumatına görə, gəminin minaya toxunaraq partladığı ehtimal olunur və tankerdə olan 25 nəfər təxliyə edilib, onların vəziyyəti qənaətbəxşdir.
“Reuters” agentliyinin “Tribeca” gəmiçilik şirkətinə istinadən yaydığı başqa açıqlamada isə partlayışın “Kairos”un maşın şöbəsində baş verdiyi və yanğınla müşayiət olunduğu bildirilir. Qambiya bayrağı altında üzən və ballast vəziyyətində olan tanker hadisə zamanı Bosfor boğazından təxminən 52 mil şimalda hərəkətdə olub. Əraziyə xilasedici yedəklər və sahil mühafizə qüvvələri cəlb edilib. Boğazdan gəmilərin hərəkətində hər hansı problem yaranmayıb.
AzNews.az